Baş prokurorun razılığı alınandan sonra Taleh Məmmədova qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə ittiham elan olunub
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmış Taleh Məmmədov həbs olunub. O, 53 yaşlı Nazir Cavadovu bıçaqlamaqda ittiham edilir. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Hadisə iyulun 30-da axşam saat 22.00 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Nazir Cavadov sol döş boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıtda Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Taleh Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd idi. Onun namizədliyi hadisədən bir gün əvvəl – iyulun 29-da qeydə alınıb.
Seçki Məcəlləsi və Cinayət-Prosessual Məcəllənin tələbinə görə, namizədliyi qeydə alınmış şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün Baş prokurorun rəsmi razılığı olmalıdır.
Baş prokuror Kamran Əliyevin razılığı alınandan sonra Taleh Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub. Onun istintaq dövründə həbsdə saxlanması üçün prokuror məhkəməyə təqdimat verib. Məhkəmə də təqdimatı təmin edib – Taleh Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Sumqayıt Şəhər Polis İdarəsində bu cinayət işi üzrə istintaq davam edir.
35 yaşlı Taleh Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1 maddəsində 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Taleh Məmmədovun özünün və yaxınlarının məsələyə münasibəti məlum deyil.