”Deputatların əksəriyyəti rəsmi Bakının imzaladığı sazişlərdən xəbərsizdir”

Azər Qasımlı: ”Zahid Oruc Avropa Birliyindən nə istəyir?”

Source:


Azər Qasımlı: ”Zahid Oruc Avropa Birliyindən nə istəyir?”

Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.

Tələb deputat

Zahid Oruc

tərəfindən gündəmə gətirilib.

Deputat, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır.

Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Meydan TV-yə deyir ki, rəsmi Tbilisi və Kiyev Avropa Birliyi qarşısında üzərlərinə götürdükləri siyasi-iqtisadi və hüquqi öhdəlkikləri yerinə yetirirlər:

“Onların islahatlar istiqamətində atdıqları addımlar qənaətbəxş sayıldığı üçün bu ölkələrin vətəndaşları üçün viza rejimi götürüldü. Gərək deputat Zahid Oruc bu məsələlərdən xəbərdar olsun. Ən əsası Ukrayna və Gürcüstan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi ilə Assosiativ Saziş imzalayıblar. Bu məsələlər bir anda olmayıb, gedişatda siyasi məhbusların azad olunması, iqtisadi, məhkəmə və hüquq sistmində islahatların aparılmasının zəruriliyi önəm daşıyıb”.

Zaur Əkbər

Zaur Əkbərin fikrincə, əgər rəsmi Bakı da Avrop Birliyi ilə viza rejimin ləğvini istəyirsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“Birinci növbədə, ölkədə siyasi məhbus olmamalıdır, məhkəmə və hüquq sahəsində islahatlar keçirilməlidir, iqtisadi-maliyyə yönündə inhisarçılıq, korrupsiya aradan qaldırılmalıdır. Bunlarla paralel Avropa Birliyi ilə Assosiativ Saziş imzalanmalıdır. Bütün bunların fonunda İlham Əliyev siyasi iradə qoyarsa, Azərbaycanla da viza rejimi götürülər”.

ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyir ki, Milli Məclis üzvləri əksər vaxtlarda çox absurd və savadsız fikirlər səsləndirdiyindən şərh etməyə utanır:

Azər Qasımlı

“Azərbaycan parlamentində oturanlar nəinki politologiya və iqtisadiyyat dərsliklərini oxumurlar, hətta dünyadakı siyasi proseslərdən, rəsmi Bakının imzaladığı sazişlərdən xəbərsizdirlər. Zahid Oruc Avropa Birliyinin Azərbaycana Assosiativ Saziş imzalamağı təklif etdiyini, lakin rəsmi Bakı tərəfindən imtina olunduğunu bilməli idi. Əgır saziş imzalansaydı, ardınca Bakı götürdüyü öhdəlikləri yerinə yetirsəydi, Azərbaycan vətəndaşları üçün də viza ləğv olunacaqdı. Dəfələrlə müstəqil QHT nümayəndələri, müxalifət bu sazişin dövlətin və xalqın marağında olduğunu ifadə etsə də, hakimiyyət heç bir reaksiya vermədi. Gürcüstan və Ukrayna isə imzaladı, indi də onlar üçün viza götürüldü. O zaman Azərbaycan hakimiyyəti Avropa Birliyi ölkələrilə viza rejiminin sadələşdirilməsi sənədinin imzalanmasını təklif etdi. Bu sənəd imzalandı və Azərbaycan vətəndaşları sadələşdirilmiş vizadan istifadə edir. Ancaq biz təklif etmişdik ki, 1-2 il gözləyib Assosiativ Sazişi imzalamaq daha məqbuldur, çünki onunla vətəndaşlarımız üçün viza ləğv olunacaqdı, təəssüf ki, hakimiyyət bu təklifi reallaşdırmadı. Belə olduğu halda deputat Zahid Oruc Avropa Birliyindən nə istəyir? Əgər vizanın ləğv olunmasını istəyirsə, dəstəklədiyi iqtidara Assosiativ Sazişin imzalanmasını bildirsin. Avropa Birliyini yersiz tənqidləri yığışdırsınlar, bir tərəfdən rəsmi mediada Almaniya və Fransaya “daş atırlar”, digər tərəfdən də bu ölkələrə müxtəlif səfərlər edirlər. Ona görə deputatlar hər hansı açıqlama verəndə, çıxış edəndə məsələni əhatəli öyrənsinlər”.

Siyasi şərhçi Rəşad Şirin də deyir ki, Azərbaycan Avropa Birliyi ilə Assosiativ Sazişinin müzakirəsinə başlasa da, sonradan fikrini dəyişdi və Strateji Tərəfdaşlıq Sazişi formatına üstünlük verdi:

“Ancaq bu formatın sonu necə olacaq, hələ naməlumdur. Ukrayna, Gürcüstan və Moldova isə Assosiativ Sazişi imzaladılar və viza liberallaşması da bu prosesin bir hissəsidir. Bax, fərq burdadır”.

Rəşad Şirin

R.Şirin hesab edir ki, Assosiativ Sazişi sıradan bir sənəd deyil: “Bu sənədi imzalayan dövlət Avropa Birliyinin 10-a yaxın öhdəliyini yerinə yetirməlidir. Bu, birliyin prinsiplərinə daxildir. Əsas məsələ daxili qanunvericilik Avropa Birliyi ilə harmonizasiya olunmalıdır. Hüquqi sahədə fərqlər çox az olmalıdır, söhbət yalnız demokratikləşmədən getmir, kənd təsərrüfatından başlamış standartlaşdırmaya qədər götürülən öhdəliklər var. Düzdür, Avropa Birliyi hökumətlə ədliyyə sahəsində hansısa layihələr işləyir, amma bunlar sadəcə, layihələrdir, öhdəliklər deyil. Assosiativ Sazişi imzalansaydı, çoxlu öhdəliklər gündəmə gələcəkdi”.

Rəşad Şirin deyib ki, Avropa Birliyi Assosiativ Sazişi yalnız qonşu ölkələrlə yox, Afrika, Avstraliya ilə münasibətlərdə də gündəmə gətirir və paralel olaraq azad ticarət sənədi də imzalayır, yəni fundamental prosesdir.

“Təəssüf ki, Azərbaycan bu prosesə daxil olmadı. Postsovet məkanında Gürcüstan bu istiqamətdə ən öndə gedəndir” – R.Şirin vurğulayıb.

Aprelin  6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

Ana səhifəXəbərlər”Deputatların əksəriyyəti rəsmi Bakının imzaladığı sazişlərdən xəbərsizdir”