Deputatlar maaşlarının artırılmasını istəyirlər

Pənah Hüseyn: “İlk növbədə əmək pensiyaları və büdcə təşkilatlarından maaş alanlar prioritet təşkil etməlidir”

Source:


Pənah Hüseyn: “İlk növbədə əmək pensiyaları və büdcə təşkilatlarından maaş alanlar prioritet təşkil etməlidir”

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

Deputat noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

S.Novruzov bildirib ki, Milli Məclisin büdcəsi bir rayonun büdcəsi qədər də deyil:

“Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar əməkdaşlıq etdikləri ölkələrə heç olmasa, ildə iki-üç dəfə səfər etməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifovun təklifə reaksiyası verərək qeyd edib ki, Milli Məclis özü məqbul hesab etdiyi vaxt büdcəsinin artırılması ilə bağlı məsələ qaldıra bilər.

“Milli Məclisin, əməkdaşlarının və deputatların maaşı ilə bağlı məsələyə büdcədə baxılır, müzakirə olunur. Parlament istədiyi vaxt bu məsələni qaldıra, biz də buna müsbət baxa bilərik”.

Pənah Hüseyn foto sosial şəbəkə

Sabiq deputat Pənah Hüseyn isə öz növbəsində Meydan TV-yə deyib ki, əmək haqlarının artırılması istiqamətindəki müzakirələr bütün kateqoriyalara aid edilməlidir.

“Eyni zamanda, ölkədəki ümumi əmək haqları arasındakı müəyyən ədalət prinsipi gözlənilməlidir. Bu baxımdan aztəminatlıların əmək haqlarının və digər kateqoriyadan olanların maaşlarının artırılması vacibdir. Bu, istər korrupsiyanın, istərsə də sosial ədalətsizliyin aradan qaldırılması üçün əsas şərtdir. İlk növbədə əmək pensiyaları və büdcə təşkilatlarından maaş alanlar prioritet təşkil etməlidir”, – P.Hüseyn deyib.

O, hesab edir ki, Azərbaycanda ədalətli seçki olmadığından parlament üzvlərinin nüfuzu olduqca aşağıdır. Bu amil hakimiyyət bölgüsünün əhəmiyyətini azaltmaq məqsədi daşıyır:

“Siyavuş Novruzovun təklifinə neqativ baxmıram. Sadəcə, ümumi pensiyaların, maaşların az olduğu şəraitdə belə çağırışlar düzgün qarşılanmır. Amma burada məqsəd kimlərinsə maaşının artırılmasına yox, az əmək haqlara diqqət yönəlməlidir. Çünki təbliğatda bu məsələ kimlərəsə qarşı yönəlir, bu, yolverilməzdir”, – P.Hüseyn deyib.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin I müavini 2025 manat, Milli Məclis sədrinin müavini 1912,5 manat, Milli Məclisin komitə sədrləri 1800 manat, sıravi deputatlar isə 1575 manat maaş alır. Deputatlara həmçinin ezamiyyə xərcləri, 1000 manata yaxın dəftərxana xərcləri də ödənilir.

Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Ana səhifəXəbərlərDeputatlar maaşlarının artırılmasını istəyirlər