“Fransa ilə bütün iqtisadi, siyasi münasibətlər birmənalı olaraq dayandırmalıdır”
“Noyabrın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanat bir çoxölkələr tərəfindən dəstəklənsə də, narazı olan qüvvələr var”.
Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova belə deyib.
Onun sözlərinə görə, Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub:
“Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikləri ilə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”.
Spiker bu gün Azərbaycan Ordusunun Ağdama daxil olması münasibətilə hamını təbrik edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da Fransanın Qarabağ məsələsindəki mövqeyini qərəzli adlandırıb:
“Torpaqlarımız işğal altında olanda bəzi Qərb dövlətləri gecə-gündüz sülhdən danışdılar, ancaq biz torpaqlarımızı azad edəndən sonra bu çağırışlar görünmür. Bu dəyişiklik nədən baş verib? Fransa bəyan edir ki, münaqişəni başqa istiqamətdə həll etmək lazımdır və Ermənistanın yanındayam. BMT-də bizim qətnamələrin aradan qaldırılması ilə bağlı kim canfəşanlıq edir? Əlbəttə ki, Fransa. Fransanın Azərbaycana münasibətini nəzərə alaraq təklif edirəm ki, Minsk Qrupunun içərisində olan belə bir münasibət qəbuledilməzdir. Belə bir həmsədrlik Azərbaycan tərəfindən də qəbuledilməzdir. Hesab edirəm ki, Azərbaycan hökuməti Fransa hökuməti ilə əlaqələrini ciddi şəkildə təhlil etməlidir”.
Deputat Cavanşir Feyziyev də bildirib ki, Azərbaycan hökuməti Fransaya ATƏT-in Minsk Qrupunun həmsədri kimi etimadsızlıq göstərməli, Fransanın Minsk Qrupunun üzvü olan digər ölkələrin biri ilə əvəzlənməsi istənilməlidir.
Deputatı Vahid Əhmədov qeyd edib ki, Fransa tarix boyu Ermənistanın yanında olub və bu gün də onların mövqeyi aydın göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz:
“Səməd Seyidovdan xahiş edərdim ki, Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etsin və Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi barədə sənəd hazırlansın”.
Deputatı Fəzail Ağamalı isə bildirib ki, Azərbaycanın Xarici işlər naziri Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırmalı, Fransa ilə bütün iqtisadi, siyasi münasibətlər birmənalı olaraq dayandırmalıdır.