Deputatlar ”dopinq”dən istifadə edən idmançılara sanksiyalar tələb edir

Qanuna dəyişiklik edildi

Source:


Qanuna dəyişiklik edildi

İyunun 13-də Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur. Bu tələbin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.

Qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafanın sözlərinə görə, son zamanlar bir neçə idmançılarımızın  5-7 il qabaq dopinqdən istifadə etmələri gündəmə gəlib:

 “Ölkə prezidenti həmin idmançılara bayrağımızı qaldırdıqlarına görə mükafat verilməsini təmin edib. Amma illər keçir, həmin idmançıların dopinqə görə medalları, titulları əllərindən alınır. Biz elə bir mexanizm düşünməliyik ki, belə adamlara layiq olmadığı halda pul getməsin. Bu adamlar dopinqdən istifadə edib insanları və idman ictimaiyyətini aldadıblar. Bunu edirlərsə, onların bu pulları xərcləməsinə imkan yaradılmasın. Ona görə də bu məsələ ilə bağlı müvafiq komitə müəyyən bir mexanizm düşünməlidir. Ən azından bu insanlara vəsaitin verilməsi müəyyən bir müddətə qədər nəzərdə tutula bilər. Çünki dopinqdən istifadənin aşkara çıxarılmasına qədər bu pulun ödənilməsi dayandırılar. Bəzi idmançılarda belə bir hallar aşkar edildi. Bir qisim adamlar var ki, onlara verilən pullar artıq getdi və onları qaytarmaq mümkün deyil”.

Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, dopinqdən istifadəyə görə yarışlardan kənarlaşdırılmış idmançı ilə, sanksiyaların qüvvədə olduğu dövrdə reklam çarxlarının çəkilişi barədə müqavilənin bağlanması qadağan edilsin:

“Əgər hansısa idmançı ilə belə bir müqavilələr bağlanıbsa belə, qəbul olunmuş qərar qüvvəyə mindiyi vaxtdan həmin reklam müqaviləsinə xitam verilsin”, – deyən millət vəkili “ona görə ki, dopinq yolverilməzdir, pis nümunədir, həm də insanın sağlamlığöı üçün ciddi təhlükələr yaradır”, – deyə vurğulayıb.

 “Ona görə də belə bir əmələ yol vermiş şəxsi ekranda da təbliğ etmək doğru deyil. Dünyanın bir çox ölkəsində də belə qaydalar var” – deyə Q.Həsənquliyev bildirib.

Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərDeputatlar ”dopinq”dən istifadə edən idmançılara sanksiyalar tələb edir