“Deputat mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir”
Milli Məclisinin iclaslarında deputatların həmkarlarının yerinə səs verməsi qanunla qadağan edilir.
“Report” yazır ki, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində yazılıb.
Qeyd olunub ki, deputat Mili Məclisin iclaslarında iştirak edən həmkarlarına bərabərhüquqlu münasibət göstərməli, onların fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməməlidir.
Bundan başqa, deputat iclasların aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.
Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.