Deputatlar Azərbaycan diplomatlarının fəaliyyətini yoxlanılması çağırışı etdi

“Dünyada böhran var. Hami kimi, diplomatlar da qənaətcil olmalıdırlar”

Source:


“Dünyada böhran var. Hami kimi, diplomatlar da qənaətcil olmalıdırlar”

Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinin mütəmadi monitorinq olunması və bunun əsasında qərarların qəbulu ilə bağlı Milli Məclisdə məsələ qaldırılıb.

Dəyişikliyə əsasən qanunun 14.3-cü maddəsində “attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir” sözləri ilə əvəz edilir.

APA-nın məlumatına görə, təklifi irəli sürən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycanın bəzi səfirliklərində çalışan diplomatlarla bağlı qalmaqalları xatırladaraq qeyd edib ki, xaricdəki səfirliklərin fəaliyyəti mütəmadi yoxlanılmalıdır.

“Nəinki səfirliklərin, hər bir diplomatın fəaliyyəti mütəmadi monitorinq olunmalıdır. Orada Azərbaycanın maraqlarının necə təmin olunması, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, vəzifələrin icrası və digər məsələlər monitorinq olunmalıdır. Bunun əsasında qərar qəbul olunmalıdır ki, həmin ölkədə səfirliyin fəaliyyətinə, səfirin və yaxud diplomatın dəyişdirilməsinə ehtiyac var, ya yox. Yüksək nəticə göstərənlərin də fəaliyyəti qiymətləndirilməlidir. Bir sözlə bu məsələyə diqqət yetirilməlidir”, – deyə o vurğulayıb.

Səməd Seyidov diplomatlar və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərini qənaət rejiminə keçməyə çağırıb: “Dünyada böhran var. Hami kimi, diplomatlar da qənaətcil olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yox. Hər diplomat sərəncama çıxan kimi, onu işə götürmək olmaz. Onun fəaliyyətinə baxmaq lazımdır”.

Siyavuş Novruzov təklif edib ki, xaricdə çalışan hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qayıtmalıdır: “Bir-iki il burada işləməlidir, lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Bizim diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidir. Eyni zamanda, səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim. Belə şey olmaz”.

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, 5-6 dil bilən, peşəkar mütəxəssislər, diplomatlar var, amma onlar sərəncama götürüləndə maddi sıxıntı çəkirlər: “Bu cür kadrların qorunub saxlanması üçün tədbir görülməlidir ki, onlar sabah xarici ölkələrin kəşfiyyat orqanlarına işləmək məcburiyyətində qalmasınlar. İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər. Bunu nəzərə almaq lazımdır”.

Aytən Mustafayeva bildirib ki, diplomatlar haqqında məsələlər yenidən müzakirə edilməlidir: “Orada işləyən mütəxəssislərin hüquqlarını qorumalı və qayğısına qalmalıyıq. Xaricdə Azərbaycanı təmsil edən insan fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaq. Diplomatlara belə münasibət normal deyil. Onlar ayrı-ayrı ölkələrdə Azərbaycanın sifətidir. Diplomatlar Azərbaycana qayıtdıqdan sonra normal maaş almalıdır”.

Ana səhifəXəbərlərDeputatlar Azərbaycan diplomatlarının fəaliyyətini yoxlanılması çağırışı etdi