Ağacan Abıyev: Astan Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputatdan ötrü ciddi səhvdir
”Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözləri həqiqətən onun tərəfindən deyilib-deyilməməsi, hələ ki, dəqiqləşdirilməyib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib. O bildirib ki, bu barədə eşidib, amma, hələ əmin deyil:
”Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”.
A.Abıyevin deməsinə görə, A.Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputatdan ötrü ciddi səhvdir.
“Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. Sözlərinə görə isə insanların narazılığını başa düşürəm”.
Bu sözləri isə deputat Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev (Nemət Vətən Daşı) özünün “Facebook” səhifəsində yazıb.
“Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır” – qardaşı oğlu vurğulayıb.
Deputat Azadlıq Radiosuna müsahibəsində deyib:
“Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.