Deputatın hazırladığı layihə tənqid olundu (VİDEO)

“Sivil Toplum Platforması” “Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu”  mövzusunda forum keçirib. Forumda beynəlxalq məhkəmələrin Azərbaycanla bağlı qərarlarının icrası və bunu mübahisələndirən qanun layihəsi müzakirə edilib. Deputat Rəfael Cəbrayılovun müəllifi olduğu layihədə  Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilir. Məhkəmə  insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Konstitusiyaya uyğunluğu baxımından icrasının mümkünlüyü məsələsini həll edəcək. Deputat Rəfael Cəbrayılov belə deyib. Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Konstitusiyaya dəyişiklik yalnız referendumla mümkündür. Milli Məclisin buna səlahiyyəti çatmır.”Milli Məclis 95 səs çoxluğuyla Konstitusiayaya əlavələr edə bilər. Amma çox maraqlıdır ki, bu prinsipdə parlamentə müstəsna səlahiyyət verilməyib. Parlamentin bununla bağlı  atacağı addımları da Konstitusiya məhdudlaşdırır. Konstitusiyanın 158-ci maddəsi çox açıq şəkildə deyir ki, Ana Yasanın 1-ci bölməsində əks olunmuş müddəalarla AR Konstitusiyasına əlavələr təklif edilə bilməz. Yəni Milli Məclis Konstitusiyanın birinci bölməsi, hansı ki, ora 2 fəsli daxildir, 1-23-cü maddələrlə bağlı parlamentə hər hansı qanun təklifi və əlavələr olunması mümkün deyil. Konstitusiya özü bunu məhdudlaşdırır”.

Hüquqşünas Ziya Quliyev  hüquq mühafizə orqanlarının BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə işgəncə faktları ilə bağlı kimlərin cəzalandırıldığını  təqdim etmədiyini bildirir. “2010-15-ci illərdə işgəncə və pis rəftar faktları üzrə aparılmış təhqiqatın nəticəsində heç kim istintaqa cəlb olunmamışdır;  Yalnız Penitensiar Xidmətə məhkum etmə yerlərinin rəsmiləri barədə işgəncə və pis rəftarla əlaqədar 334 şikayət daxil olmuşdur (2009-2013-cü illər üzrə); Müvafiq olaraq 2010-13-cü illərdə Daxili İşlər Nazirliyinə 984 şikayət, Baş Prokurorluğa isə 678 şikayət daxil olmuşdur; Komitə qeyd edir ki, işgəncə və pis rəftarla bağlı bu şikayətlər üzrə, dərhal, effektiv və tərəfsiz araşdırma aparılmamışdır”.

Hüquqşünas Xalid Bağırov Avropa Məhkəməsində Azərbaycanla bağlı 110-dan artıq qərar qəbul olunduğunu bildirir.  Qəbul olunan qərarların heç də hər zaman icra olunmadığını çatdırır.

Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin şikayətləri Avropa Məhkəməsindədir. Onlar  Avropa Məhkəməsinin ləng qərar çıxarmasından şikayətlənirlər.

Foruma Prezident Administrasiyasından, Milli Məclisdən, Konstitusiya Məhkəməsindən, Ali Məhkəmədən, Məhkəmə-hüquq Şurasından nümayəndələr dəvət olunsa da, onlar tədbirə gəlməyiblər. Müzakirələrə qatılan Ombudsman Aparatının nümayəndəsi Faiq Ağayev Avropa Məhkəməsinin qərarlarının ölkədə icra olunduğunu bildirir.

2015-ci ilin dekabrında Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin bu ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edən qərarlarını yerinə yetirməyəcəyi barədə qərar qəbul edib. “Sivil Toplum Platforması” Rusiyanın yolu ilə davam etməyə qarşıdır.

Ana səhifəVideoDeputatın hazırladığı layihə tənqid olundu (VİDEO)