Deputat Vahid Əhmədov: “Elman Rüstəmov milləti aldatdı”

“Artıq iqtisadi proseslər tamamilə yeni bir mərhələyə qədəm qoydu…”

Source:


“Artıq iqtisadi proseslər tamamilə yeni bir mərhələyə qədəm qoydu…”

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 21 fevral tarixində 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Qərar media və sosial şəbəkələrdə gözlənilməz hadisə kimi qiymətləndirilir.

İqtisadçı Azər Mehtiyev Mərkəzi Bankın qərarını biabırçılıq adlandırıb.

Onun sözlərin görə, 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, amma şənbə günü belə bir qərar qəbul olunur. İqtisadçı Facebook səhifəsində yazir:

“21 fevral qərarı isə əhalidə qalan inam və etibara son zərbəni vurdu. Hətta bütün iqtisadçılar belə əhalini ajiotajdan çəkindirməyə, panikaya getməməyə çağırırdılar. Ortada ciddi bir izahat yoxdur. Mərkəzi Bankın saytına daxil olmaq da mümkün olmur.

Artıq iqtisadi proseslər tamamilə yeni bir mərhələyə qədəm qoydu”.

Deputat Vahid Əhmədov virtualaz.org saytına bildirib ki,  Mərkəzi Bankın qərarı ilə bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər: “Mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq. Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”.

Deputat Milli Məclisin növbəti iclasında məsələni qaldıracağını bildirib. “Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın. Hökumət  indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir”.

REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə açıqlamasında bildirib ki, Mərkəzi Bank müstəqil qurum olsaydı, bütün məsuliyyəti o daşıyardı, amma indi məsuliyyət tək Mərkəzi Bankın üzərində deyil. Amma Elman Rüstəmov sürəci ən pis necə mümkün idisə, elə də yönəltdi: “Əvvəl xarici mətbuata müsahibə verməklə panika yaratdı, sonra AZTV-yə çıxıb, güya insanları sakitləşdirdi, amma elə orada da dedi ki, idxal mallarının qiyməti qalxacaq, bu isə məzənnənin qalxacağı demək idi. İnsanlarımız nə hökumətə, nə Mərkəzi Banka inanmadığından, əllərində olan vəsaiti dollara çevirməyə başladılar, həm əmanətlər dollara keçdi, həm də “yastıq altında” olan vəsaitlər. Bəzi məlumatlara görə, Mərkəzi Bank o panika günlərində hər gün bazara 800-900 milyon dollar çıxarmağa məcbur oldu, çox güman ki, son həftədə rezervlər yarıdan çox azaldı. Nəhayət, rezervlər azaldı. Amma rezervlərin olub-olmamasını heç kim kontrol edə bilmirdi, belə bir praktika dünyada olub. Məsələn, 5-6 il öncə Yunanıstanda seçkidən sonra hökumət dəyişəndə, yeni hökumət gördü ki, əvvəlki hökumətin elan etdiyi rezervlərin heç yarısı belə ölkədə yoxdur”.

Natiq Cəfərli “nə gözlənilir” sualına belə cavab verib: “Son həftələrdə müsahibələrimdə də dediyim kimi, ölkədə ciddi “dollarlaşma” olacaq, daşınmaz əmlak, maşın, qızıl, məişət əşyaları, mebel – yenidən dollarla satılmağa başlayacaq, hətta, rüşvət də dollara keçəcək. İkincisi, prezidentin müdaxiləsi ilə kursa müəyyən korreksiya edilə bilər, yəni, siyasi gediş ola bilər. Bu il infilyasiya ikirəqəmli olacaq, ərzaq inflyasiyası 20-25 faiz civarında olacaq. Bank və maliyyə-kredit sistemi stressə girəcək, bəzi banklar bağlanacaq. Dollarla ipoteka, avtomobil və istehlak krediti alanlar batacaq, onlara mütləq kömək lazımdır, gərək hökumət belə bir dəstək proqramı qəbul etsin”.

İqtisadçının fikrincə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iki dəfə xalqı aldatdığına görə, ən azı, istefa verməli, özü getməlidir, ya da, çıxıb onu kimlər belə addımlar atmağa sövq etdiyini açıqlamalıdır. “Hökumət dərhal anti-böhran planının işlənməsinə başlamalı, bütün mütəxəssisləri cəlb etməli, ya da, tam tərkibdə istefaya gedib, texniki hökumətin yaradılmasına qərar verilməlidir. Vergi və gömrükdə olan rüşvət, müdaxilələr, inhisarçılıq aradan qaldırılmalıdır. Bir sözlə, ölkədə ciddi açılımaya ehtiyac var, olmasa, bu proseslər xaosa yol aça bilər, xaos isə heç kimə lazım deyil”- deyə ekspert fikrini tamamlayıb.

Ana səhifəXəbərlərDeputat Vahid Əhmədov: “Elman Rüstəmov milləti aldatdı”