Deputat: Üzdəniraq feministlər ailə dəyərlərimizi məhv etmək istəyirlər

Tahir Kərimli İstanbul Konvensiyasının qəbuledilməz olduğunu deyib

Deputat Tahir Kərimli, Foto: Paralel.az


Tahir Kərimli İstanbul Konvensiyasının qəbuledilməz olduğunu deyib

“İstanbul Konvensiyasına uyğun yeni Ailə Məcəlləsinin qəbul edilməsi ilə bağlı bizə təkliflər verilir, BMT Azərbaycana ultimatumlar göndərir, bunu qəbul etmirəm”.

Milli Məclisin iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli belə deyib:

“Rusiya da bu təklifləri qəbul etmir. Bəs nə üçün Avropa Şurası, BMT bu məsələdə bizə təkid edir? Nə üçün Azərbaycanda feministlər Sinqapur modelini götürmürlər, ancaq Qərb dəyərlərini götürürlər? Çünki onlar bizim ailə dəyərlərimizi məhv etmək istəyirlər. İstanbul Konvensiyasına uyğun olaraq, Azərbaycanda Ailə Məcəlləsinə dəyişik edilməsi yolverilməzdir. Dini qurumlara çağırış edirəm, Azərbaycanda ailə dəyərlərini qorumaq üçün lazımı işləri görsünlər. Bunun qarşısında duruş gətirmək lazımdır. Üzdəniraq feministlərin tələblərini yerinə yetirmək mümkün deyil. İstanbul Konvensiyasını ilk olaraq Türkiyə qəbul edib. Nə dəyişdi? Türkiyədə zorakılıqmı aradan qalxdı? Biz bu cür qanunlarla Ailə Məcəlləsinə dəyişiklik edə bilmərik. Bu, yolverilməzdir. Ailənin birinci müqəddəs vəzifəsi nəslin artırılmasıdır”.

Ailə Məcəlləsinə dəyişiklik layihəsi övladlığa götürənlərlə bağlıdır.

Layihəyə görə, övladlığa götürənlər bir çox prosesdurlar uşağı övladlığa götürmək istəyən qohumlara tətbiq edilməyəcək.

Həmin prosedurlar aşağıdakılardır:

– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

– övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

– övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

– övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Ana səhifəXəbərlərDeputat: Üzdəniraq feministlər ailə dəyərlərimizi məhv etmək istəyirlər