Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşma tətbiq oluna bilər.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib. Onun sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır: “Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik”.
Hadı Rəcəbli Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmağın vacibliyini bildirib: “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”.
Deputatın fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli bildirib ki, cənab Rəcəbli məsələyə primitiv və səthi yanaşıb: “Əvvəla, yoxsulluq problemi ölkənin özünəməxsus məsələ deyil, bu problem bütün dünya ölkələrində var. Ona görə ələbaxımlılıq məsələsi kənara qoyulmalıdır. Elə kateqoriyalar var ki, hətta insanlar iş tapsalar da, yoxsul olaraq qalacaqlar. Çünki onların əksəriyyəti fiziki cəhətdən adi qaydada işləməyi bacaranlar deyil. Yəni onlar iş tapsalar da, yoxsulluqdan çıxa bilməyənlərdir. Bu baxımdan dövlətin daim onlara dəstəyi olmalıdır. İkinci, ayda 500-600 manat əməkhaqqı alan vətəndaş heç vaxt dövlətin ona verdiyi 130 manat sosial müavinətə göz dikməz. Bütün aspektlərdən yanaşdıqda, deputat Rəcəblinin yanaşması absurddur”.
Qadir İbrahimli hesab edir ki, son vaxtlar rəsmi təbliğatda əhali günahkar çıxarılır: “Guya, ölkədə iş yerləri var, amma əhali tənbəl olduğundan işləmək istəmir, dövlətdən nəsə umurlar. Bu, tamamilə yanlışdır. Son aylar iş yerləri çox sürətlə bağlanır. Təkcə son 6 ayda 100 min iş yeri qapadılıb. Elə “Azəriqaz”da bir neçə min adam ixtisar olunub. Belə bir vaxtda ələbaxımlılıqdan danışıb insanları tənbəllikdə suçlamaq yoxsulları təhqirdən başqa bir şey deyil”.