Deputat universitetlərin özəlləşdirilməsini təklif edir

19 qanun “Elm haqqında” qanuna uyğunlaşdırıldı

Source:
Qüsrət Həsənquliyev
Qüsrət Həsənquliyev


19 qanun “Elm haqqında” qanuna uyğunlaşdırıldı

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri barədə maddəyə dəyişiklik edilib. Bundan sonra yalnız hansısa iş yerində, azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.

İşçilər üç ildə, elmi işçiləri isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Digər dəyişiklikdə isə qeyd edilir ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Bununla bağlı Milli Məclisdə bir çox qanunlara dəyişiklik edilib. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, bir paketdən gələn 19 qanuna dəyişikliklər layihəsi 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanuna uyğunlaşdırmadır.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişikliyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.

Deputat Qüdrət Həsənquliyev bu dəyişikliyin əleyhinə olub:

“Dünyada elmi tədqiqatlar həm də universitetlərdə aparılır. Amma biz universitetləri özəlləşdirə bilərik və bu, lazımdır. Biz dəfələrlə universitetlərin özəlləşdirilməsi ilə bağlı məsələ qaldırmışıq. Dövlətə məxsus universitetlər, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır”.

O, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna yenidən baxılmasının vacib olduğunu bildirib.

“Oxudum ki, Dövlət Əmlak Komitəsi bu gün 150-yə qədər dövlət əmlakını özəlləşdirməyə çıxarır. Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Qiymətlər çox yuxarı qoyulur. 5 dəfə hərrac keçiriləndən sonra qiymətin cəmi 50 faiz aşağı salınmasına icazə verilir. Düşünürəm ki, biz bu qanuna yenidən baxmalıyıq. Əgər əmlak birinci dəfəki hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir”.

Müzakirələr zamanı deputat Səməd Seyidov isə elmi dərəcələrlə bağlı fikirlərini bildirib. O deyib ki, elmi dərəcə elmi qabiliyyətləri olan insanların potensiallarını göstərməkdir:

“Müşahidə etmişəm ki, bəzən ən yüksək səviyyəli, savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir. Porfessor sözü fransız dilində müəllim deməkdir. Elələri də var ki, elmlər doktoru olmağa layiqdir, amma elmlər namizədi olmaqla kifayətlənir. Bunlar reallıqdır. Düşünürəm ki, bu məsələyə baxılmalıdır”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, bir zamanlar bəziləri sui-istifadəyə yol verərək professor adını, elmi dərəcələr alırdılar:

“İndi, bu halların qarşısı alınıb”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

“Elm haqqında” qanun layihəsi 14 iyun 2016-cı ildə qəbul edilib. Qanun 7 fəsil, 40 maddədən ibarətdir.

Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycanda çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

Ana səhifəXəbərlərDeputat universitetlərin özəlləşdirilməsini təklif edir