Deputat uçuşlar zamanı ailə üzvlərinin də VİP salondan istifadə etməsini istəyir

Foto: Meydan TV

Sabir Rüstəmxanlı: “Bu məsələ aidiyyəti qurumlar qarşısında qaldırılmalıdır”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı xaricə uçuşlar zamanı deputatların ailə üzvlərinin də VİP (“Very Important Person”- xüsusi əhəmiyyətli şəxs) salondan istifadə etməsini istəyir.

“Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsi zamanı deputat deyib ki, əvvəllər bu qayda olub və yenidən bərpa edilməlidir:

“Əvvəllər millət vəkilləri diplomatik pasportla xarici ölkələrə gedəndə ailə üzvlərini də özləri ilə apara bilirdilər. Sonra onların özləri olmadan da övladları və həyat yoldaşı VIP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə eynidir. Hətta əvvəl deputat olub, sonra olmayanlar da VIP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə, istifadə edə bilərsən, amma ailə üzvləri tək gedirsə, VIP salona daxil ola bilməz”.

O bildirib ki, bu məsələdə deputatlara fərqli münasibət var:

“VIP salonlardan ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat istifadə edə bilir, amma deputatlar bu hüquqdan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm ki, bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb.

Deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra büdcə zərfinə daxil olan qanunlar birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Ana səhifəSosialDeputat uçuşlar zamanı ailə üzvlərinin də VİP salondan istifadə etməsini istəyir