"Şəksizdir ki, Tofiq bəy siyasi məhbusdur, ardıcıl və prinsipial müxalif siyasi fəaliyyətinə görə hökumət tərəfindən növbəti dəfə cəzalandırıldı”
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barədə 4 il 3 ay ciddi cəzaçəkmə rejimində çəkməklə həbs qərarı çıxarıb.
Yaqublunun üzvü olduğu Müsavat Partiyası isə bu qərarı siyasi sifariş adlandırıb. Bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, yarıqapalı şəraitdə keçirilən məhkəmə prosesində Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamın tamamilə uydurma, avtomobillə qəza törədilməsi olayının qurama, istintaqın isə tam saxta olduğu sübuta yetirilib.
"Bu qərar hakimiyyətin dialoq təşəbbüsünün imitasiya olduğunu təsdiqlədi"
Partiya hesab edir ki, Tofiq Yaqublu barədə qərar hakimiyyətin dialoq təşəbbüslərinin və islahat barədə deklorasiyalarının imitasiya olduğunu təsdiqləyib:
“Hakimiyyət heç bir günahı olmayan tanınmış şəxsiyyət, Qarabağ müharibəsi döyüşçüsü olan Tofiq Yaqublu barəsində belə bir hökmün çıxarılmasına rəvac verməklə ölkədə ədalət mühakiməsi sisteminin mövcud olmadığını, mənəvi dəyərlərə, cəmiyyətin maraqlarına heç bir əhəmiyyət vermədiyini bir daha nümayiş etdirdi”.
Müsavat Partiyası bu hökmü müxalifətə qarşı repressiyaların davamı kimi qiymətləndirib və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.
Partiyanın təsis etdiyi “Tofiq Yaqublunun Müdafiə Komitəsi”nin sədri Fərəc Kərimli Meydan TV-yə bildirib ki, onlar ötən müddətdə təşkilati-texniki istiqamətdə xeyli iş görüb:
“Hüquqi yardım baxımından addım atıldı, başqan müavini Nemət Kərimli hazırda Tofiq Yaqublunun vəkilidir. Eyni zamanda, Müdafiə Komitəsi məhkəmədəki qanunsuzluqları əks etdirən məqamları bəyanat şəklində beynəlxalq təkilatlara göndərib. Həm də məhkəmə proseslərində müsavatçıların iştirakı üçün addımlar atmışıq. Pandemiya şəraiti olsa da, qərargahda və internet üzərindən toplantılar keçirmişik”.
Fərəc Kərimli bu həftə komitənin növbəti iclasının keçiriləcəyini və tədbirlər planlarının cəmiyyətə təqdim ediləcəyini söyləyib.
Erkin Qədirli: "Bunu anlamaq üçün vicdana belə gərək yoxdur"
ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli bildirib ki, Tofiq Yaqublunu həbs etmək haqsızlıqdır:
"Bunu anlamaq üçün vicdana belə gərək yoxdur. Vicdanımı sorğulayanlara isə sözüm yoxdur. Aralarında küyə düşənlər, səmimi yanılanlar varsa, mənim xuliqanlıqla bağlı maddənin Cinayət Məcəlləsindən götürmək təkliflərimi və onların əsaslandırılmasını oxusunlar, Milli Məclisdəki çıxışlarımın videolarına baxsınlar”.
Erkin Qədirli vurğulayıb ki, bu mövzuda iki dəfə komitədə, iki dəfə də plenar iclasda çıxışlar edib: “İclasların birində işçi qrupun üzvləri (Prezident Administrasiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsul işçiləri, Ali Məhkəmənin hakimləri) də iştirak etdilər, onlara da sözümü dedim. Tofiq Yaqublunun adını çəkməsəm də, çoxları konteksti anlaya bildi. Özlərini müxalifət sayanların bəziləri isə bunu anlamaq istəmədi. Məni vicdansızlıqda, qorxaqlıqda suçlamağa girişdilər”.
“Müdafiə Xətti”: "Tofiq Yaqublu prinsipial siyasi fəaliyyətinə görə cəzalandırıldı”
“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının təmsilçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, Tofiq Yaqublunun dövlət başçısı İlham Əliyevin 19 mart tarixli çıxışından sonra həbsi təsadüfi deyil: “Şübhə etmirik ki, Tofiq Yaqublunun mühakimə olunduğu məhkəmə iclasları faktlar əsasında, qərəzsiz və ədalətlə keçirilmədi. Şəksizdir ki, Tofiq bəy siyasi məhbusdur, ardıcıl və prinsipial müxalif siyasi fəaliyyətinə görə hökumət tərəfindən növbəti dəfə cəzalandırıldı”.
Səfərov Tofiq Yaqubluya çıxarılan əsassız və ədalətsiz hökm haqqında "Müdafiə Xətti"nin mövqe sənədini ixtisaslaşmış beynəlxalq təşkilatlara, Avropa Şurasına, Avropa Birliyinə, Qərb və Avropa ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə təqdim edəcəklərini vurğulayıb:
“Yaxın günlərdə beynəlxalq insan haqları təşkilatların nümayəndələri və Qərbi Avropa ölkələrini Azərbaycanda təmsil edən diplomatlarla təmasımız gözlənilir. Hökumətin siyasi tənqidçilərə, o cümlədən Tofiq Yaqubluya qarşı həyata keçirdiyi repressiv tədbirlər barədə təfərrüatları onlara təqdim etmək fikrindəyik. Maksimum səy göstərəcəyik ki, dünyanın demokratik ictimaiyyəti tərəfindən qəbul edilən etibarlı hüquqi və siyasi mərkəzlərin diqqətini Tofiq bəyin əsassız həbsinə yönəldək”.
BİHK: "İttiham sübuta yetirilməyib"
Bakı İnsan Hüquqları Klubunun bugünkü bəyanatında Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyi qənaətindədir. Bu barədə Bakı İnsan Hüquqları Klubunun (BİHK) yaydığı bəyanatda bildirilib.
BİHK müxalifət təmsilçisi Tofiq Yaqublunun barəsində bu gün çıxarılmış hökmü qınayır və bu məsələ ilə bağlı öz narahatlığını ifadə edir: “Tofiq Yaqubluya qarşı irəli sürülmüş xuliqanlıq ittihamı məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. İbtidai istintaqın sübutları ancaq zərərçəkmiş şəxslərin və şahidlərin ziddiyyətli ifadələrinə əsaslanıb, hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olan videogörüntülər əldə edilməyib, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin obyektiv nəticəyə gəlmək üçün qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb”.
"Bu cür məhkəmə qərarları Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğundan hazırkı qərar ölkənin beynəlxalq imicinə, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası kontekstində mənfi təsir göstərəcək", – BİHK bəyan edir.
Arzu Abdullayeva: "Tofiq Yaqublu kimi insan heç vaxt başqasına hücum etməz"
Hüquq müdafiəçisi Arzu Abdullayeva da Nizami Rayon Məhkəməsinin hökmünü ədalətsiz sayıb.
Arzu Abdullayeva Meydan TV-yə deyib ki, məhkəmə Tofiq Yaqubluya qarşı həbs-qətimkan tədbiri zamanı da ədalətsiz qərar çıxarıb: “Bu gün isə ikinci ədalətsiz və günah sayıla biləcək hökm verildi. Hətta Tofiq Yaqublunun məlum hadisədə cüzi də olsa, səhvi olsaydı belə, 3 sentyabr hökmü absurddur, çünki Tofiq Yaqublu kimi insan heç vaxt başqasına hücum etməz. Özü də əlinə alət götürüb adam vurması – bu, artıq böhtandır, ona görə istintaqın gəldiyi nəticəyə inanmıram”.
Əli Kərimli: "Məhkəmə adına yaraşmayan proses idi"
AXCP sədri Əli Kərimli Tofiq Yaqublunun məhkəməsini qurama və məhkəmə adına yaraşmayan bir proses adlandırıb: “Tofiq bəy bütün proses boyu hər şeyi ifşa edib. Nəzərə alın ki, proses qapalı keçirildiyindən Tofiq Yaqublunun özünü müdafiə imkanları olmayıb. Eyni zamanda, vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin olunmadı. İş siyasi və sifarişlidir. Tofiq Yaqublunun İlham Əliyevin 19 mart Novruz bayramı çıxışından sonra həbs edilməsi də dediklərimi təsdiqləyir”.
Əli Kərimli xatırladıb ki, Əliyevin 19 mart çıxışının ardınca 40-dan çox AXCP üzvü saxlanılıb, onların bir çoxuna cinayət işi açılıb.
Onun sözlərinə görə, Tofiq Yaqublunun həbsi də aparılan repressiyanın tərkib hissəsidir.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.
O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.