İctimai nəqliyyatda yeni tarif mexanizimləri tətbiq olunacaq
Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimlərinin tətbiq olunması nəzərdə tutulub.
Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir ki, hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
Sənəddə qeyd edilir ki, yeni mexanizmlərin tətbiqi zamanı mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq: “COVID-19 pandemiyası dövründə “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri məqsədilə ölkə əhalisinin 48 faizi və ya 4,8 mln. nəfəri əhatə edən 4 istiqamət üzrə 12 tədbirin icrası ilə bağlı bir sıra fəaliyyətlər həyata keçirilib. Dövlət sektoru üzrə işçilərin işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması istiqamətində 908 min nəfər işçinin iş yeri və əməkhaqqı gəliri qorunub”.
Sənəddə o da bildirilir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı nəinki azalıb, hətta 2020-ci ilin əvvəli ilə müqayisədə 24 faiz və ya 154 min artım olmaqla 794 min əmək müqaviləsi qeydə alınıb.
Deputat, iqtisadçı Vüqar Bayramov isə deyir ki, bu il ictimai nəqliyyatda tariflərin dəyişib-dəyişməyəcəyi mövzusu birbaşa Tarif Şurası ilə bağlıdır. Yəni Tarif Şurası nə qərar qəbul etsə, o da olacaq.
"Eyni zamanda, nəqliyyatda qiymət artımı tənzimlənən, bazarın müəyyənləşdirdiyi tariflədir. Həmin tariflərin bu il necə dəyişməsi və ya olduğu kimi qalmasına isə Tarif Şurası qərar verə bilər", – deputat deyib.
Vüqar Bayramov düşünür ki, ictimai nəqliyyatla fəaliyyət göstərən sahibkarlara dəstək genişləndirilməlidir: “Onların xərclərinin bir hissəsi dəstək proqramı çərçivəsində kompensasiya olunsa yaxşı olar”.