Deputat: “Suraxanıda bütün torpaqlar satılıb, rayonu 4 nəfər işğal edib”

Suraxanı rayonu. Foto: Wikimedia

Etibar Əliyev iki keçmiş icra başçısına qarşı ittihamlar səsləndirib

“Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və 14 il onun xələfi olan İlqar Abbasov nə torpaq varsa, hamısını satıb və zəbt ediblər”.

Bu fikirləri Milli Məclisin aprelin 7-də keçirilən iclasında deputat Etibar Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.

Etibar Əliyev bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamların icra olunmadığını vurğulayıb:

“15 yanvar 2001-ci ildə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə Prezident fərmanı olsa da, indiyə kimi əmlak bələdiyyələrə verilməyib. Bakı bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib”.

Deputat icra başçıları ilə bərabər 30 il Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Mayis Məmmədovu ittiham edib:

“Eyni zamanda, Hacıbala Abutalıbovun qardaşının kürəkəni də bu sıradadır. Bir rayonu 4 nəfər işğal edib”.

Amma Etibar Əliyev sonuncu icra başçısı Əziz Əzizovun adını çəkməyib.

Hacıbala Abutalıbov, Etibar Əliyev və İlqar Abbasov.

“222.000 əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var. Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Çünki bu adamların əlindən bələdiyələr zəlil günə qalıblar”, – deyə Əliyev söyləyib.

Deputat deyib ki, Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb:

“Reytinqdə tək Azərbaycanın daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?”.

Meydan TV Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirilib ki, başçı və müavinləri tədbirdədir. Daha sonra isə telefonlara cavab verilməyib.

E.Əliyevin ittiham etdiyi Hacıbala Abutalıbov 1995-2000-ci illərdə Suraxanı rayonunun başçısı olub.

İlqar Abbasov isə 2005–2019-cu illərdə rayonunun başçısı vəzifələrində çalışıb.

Hazırda Şirvan şəhərinin icra başçısıdır. 

Ana səhifəSiyasətDeputat: “Suraxanıda bütün torpaqlar satılıb, rayonu 4 nəfər işğal edib”