Deputatlar məmurlardan şikayət etdu: “Hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir”
“Dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslüblarına diqqət etsinlər, bundan sonra onların adlarını da çəkəcəyəm”.
Deputat Qənirə Paşayeva Milli Məclisdə belə deyib.
O bildirib ki, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:
“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almağımdır. Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir, seçicilərim müəyyən edir. Seçicim mənə müraciət edir ki, Birinci Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var, amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər “baxılacaq”. Nə vaxt baxılacaq, niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inansın”.
Sabir Rüstəmxanlı: “Nazirliklərdə heç bizi qəbul etmirlər”
Deputat Sabir Rüstəmxanlı hökumət rəsmilərinin deputatlara qarşı saymazyana münasibətindən danışıb.
O bildirib ki, deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir:
“Deputat sorğusunun növü müəyyənləşdirilməlidir: “Nazirliklər gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Cəmiyyətdə qanunverici orqanın nüfuzunu artırmalıyıq. Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”.
Tahir Kərimli: “Siz gedin, çıxın o xalqın qabağına”
Deputat Tahir Kərimli isə bildirib ki, burda söz deyəndə də bəzi məmurların acığına gəlir:
“Elə şeylər var ki, beynəlxalq bazarla bağlayırıq, inflyasiya ilə əlaqələndiririk, xalqa verdiyimiz əmək haqqı, pensiya gələndə, ondan 10 dəfə aşağısını veririk. Əgər deyilirsə ki, bu ölkədə korrupsiya olmamalıdır, deməli, olmamalıdır. Süni bahalaşma olmamalıdır deyilirsə, deməli, olmamalıdır. Pandemiya səbəbilə biz kəndlərdə, rayonlarda seçicilərin qabağına çıxa bilmirdik, indi çıxacağıq. Siz gedin, çıxın o xalqın qabağına. Biz parlamentarilər bu yükü üzərimizə götürürük. Burda söz deyəndə də bəzi məmurların acığına gəlir”.