“Siqaretin fəsadlarıyla bağlı müalicə dövlət büdcəsi hesabına olacaq”
Aprelin 14-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Hər 4 kişidən və hər 20 qadından biri siqaret çəkir
Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, müzakirəyə təqdim olunmuş qanun layihəsi cəmiyyəti çox ciddi düşündürən bir sosial problemə və bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada hər 4 kişidən və hər 20 qadından biri davamlı siqaret çəkir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakı və onun törətdiyi xəstəliklərdən həyatını itirir. Hesablamalara görə bu rəqəmin 2030-cu ildə 10 milyon nəfərə çatacağı güman edilir”.
Azərbaycanda qadınların siqaretə marağı xeyli artıb
Onun sözlərinə görə Azərbaycanda siqaretə alışqanlığın dinamikası ilə bağlı rəqəmlər heç də ürəkaçan deyil. “Belə ki, ölkədə 20-44 yaş civarında olan kişilərin 30 faizi, 45-64 yaşlıların 51 faizi siqaret çəkir. Bu insanlar orta hesabla hər gün 16 siqaret çəkir. Son illər republikamızda qadınların siqaretə marağı xeyli artıb, bu göstərici artıq 1 faizi keçib”.
Siqaretə alışqanlıq sonradan narkotik maddələrə həvəsi artırır
H.Rəcəbli bildirib ki, aparılan sorğular nəticəsində kişilərin 67,5 faizi, qadınların 52,3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkir. “Bu narahatlıq cavanlar arasındadır və əsasən ictimai yerlərdə baş verir. Ölkə və şəxsi büdcələrə, bu hesaba birbaşa və dolayısıyla milyonlarla manat ziyan dəyir. Siqaretə alışqanlıq sonradan narkotik maddələrə həvəsi artırır”.
Siqaret satışı zamanı kimlik tələb ediləcək
Qanuna əsasən yetkinlik yaşına çatmayanlara siqaretin satışı, onların tütün ticarətinə cəlb edilməsi qadağan edilir. Bütün satış məntəqələrində tütün məhsullarının satışı üçün kimlik tələb olunacaq və yaş həddi bəlli olacaq.
Maddəyə görə tütün məhsullarını satan şəxs tütün alıcısının yaşını müəyyənləşdirə bilməyəndə satıcı alıcıdan kimlik tələb etməlidir. Alıcı kimlik təqdim etməyəndə satıcı tütün məhsulunu satmaqdan imtina etməyə borcludur.
Siqaretin ziyanları məktəbin tədris proqramlarına salınacaq
Qanun layihəsinin 12-ci maddəsinə əsasən təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanlarıyla razılaşdırmalı, tədris proqramlarına siqaretin sağlamlığa və çevrəyə zərərli təsiri barədə mövzular daxil etməlidir.
Maddədə o da bildirilir ki, icra hakimiyyəti orqanları KİV-lərdə siqaretin zərərli təsiri ilə bağlı PR tədbirləri keçirməlidir.
Siqaretin fəsadlarıyla bağlı müalicə dövlət büdcəsi hesabına olacaq
Azərbaycanda siqaretin fəsadlarıyla bağlı müalicə dövlət büdcəsi hesabına olacaq. İcra hakimiyyəti orqanları tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə bağlı tədbirlər həyata keçirməlidir. Dövlət xəstəxanalarında müalicə ölkə büdcəsinin hesabına olmalıdır.
TV-lər siqaretin ziyanları barədə sosial çarxlar verməyə borcludur
Qanunda deyilir ki, Azərbaycanda televiziya və radio efirində hər ay azı 90 dəqiqəlik siqaret əleyhinə verilişlər hazırlanmalıdır. Bu verilişlərin 45 dəqiqəsi axşam saat 6-11 arası yayımlanmalıdır. Verilişlərin bir kopyası Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.
Bu yerlərdə siqaret çəkmək qadağandır
Layihəyə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbir keçirilən zallarda, ticarət və məişət obyektləri, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, inzibati binalarda, iş yerlərində tütün çəkilməsinə icazə verilmir.
Həmçinin vağzal, avtovağzal və avtobus dayanacağı, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, liftlərdə, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında, yüksək təhlükə mənbəyi hesab olunan digər obyektlərdə tütün çəkilməsi qadağandır.
Bundan əlavə, müəssisə, idarə və təşkilat rəhbərləri sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilmiş tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını və bu yerlərdən kənarda “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Deputatlar təkliflər verdi
Deputatlar qanun layihəsinin müzakirəsi zamanı irad və təkliflərini bildiriblər. Deputat Tahir Kərimli bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da siqaretin üzərində zərərinin təsvirinin əks olunmasını təklif edib.
Deputat Musa Quliyev isə 10-cu maddədə sanatoriya və xəstəxanalarda siqaret üçün qapalı yerlərin ayrılmasına etiraz edib: “Xəstə və həkimlərə siqaret çəkmək üçün şərait yaradırıqsa, o zaman bu qanunu niyə qəbul edirik?” – deyən deputat təklif edib ki, hər hansı müəssisə tələbi pozarsa, lisenziyası ləğv olunsun.
Deputat Rüfət Quliyev isə qanun layihəsinin sırf Rusiya modelindən götürüldüyünü deyib: “Burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. İaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır. Ən yaxşı anti-reklam odur ki, siqaret qutusunun üzərində bir çox yazı gizlədilsin. Filtrsiz siqareti qəti qadağan etmək lazımdır. Elm də sübut edib ki, filtrsiz siqaretin ziyanı digərindən 4 dəfə çoxdur” – deyən, deputat tütünə qarşı mübarizə vasitəsi kimi siqaretin satış qiymətinin qaldırılmasını da təklif edib.
Deputat Hikmət Məmmədov və Qənirə Paşayeva isə sulu qəlyanın da tütünün qadağan olunduğu yerlərdə qadağan olunmasını təklif edib.
Deputat İlham Əliyev də müalicə müəssisələrində siqaret üçün qapalı yerlərin əleyhinə olduğunu bildirib: “Mən seçkili orqana qədər Prezident Administrasiyasında çalışmışam. Sizə deyim ki, artıq 10 ildən çoxdur ki, orada siqaret çəkmək qadağandır”.
Qanun layihəsi ilk oxunuşda qəbul edilib. Spiker Oqtay Əsədov təklifi olanlardan bunu yazılı formada təqdim etmələrini istəyib.