Deputat: Saxta COVID-19 pasportu verən həkimlərin diplomu ləğv edilməlidir

“Həmin tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır”

Source:


“Həmin tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır”

“Saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov “Report”a deyib.

O bildirib ki, saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır: “Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir”.

Deputat Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb: “Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur”.

Avqustun 2-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Sabunçuda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Bildirilir ki, analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib.

Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özündə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər.

Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.

Hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq başlanıldığı açıqlanıb.

Ana səhifəXəbərlərDeputat: Saxta COVID-19 pasportu verən həkimlərin diplomu ləğv edilməlidir