Deputat: Qiymət artımı vətəndaşın üzərindən büdcəni təmin etmək cəhdidir

”Bahalaşma kənd təsərrüfatı və fermer təsərrüfatlarına ciddi ziyan vuracaq”

Source:


”Bahalaşma kənd təsərrüfatı və fermer təsərrüfatlarına ciddi ziyan vuracaq”

Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması haqqında qərarı “bilavasitə büdcəni təmin etmək üçün qısa çıxış yoludur, vətəndaşın üzərindən büdcəni təmin etmək cəhdidir. Bunun uzunmüddətli iqtisadi səmərəsi olmayacaq”, – “Böyük Quruluş” Partiyasının sədri, deputat Fazil Mustafa “Turan”a belə deyib.

Onun fikrincə, bu, büdcənin gəlirlərlə təmin edilməsi yükünün əhalinin çiyinlərinə qoyulmasıdır.

Enerji daşıyıcılarının qiymətinin artımından kənd təsərrüfatına və fermer təsərrüfatlarına ciddi ziyan dəyəcək. Fazil Mustafa hesab edir ki, bu qərar manatın iki devalvasiya şokundan özünə gəlməyən əhali üçün növbəti bir şokdur.

“Hər bir vətəndaş kimi qiymət artımı mənə də xoş deyil, amma ortada başqa proseslər də var. Həm qaz, həm də elektrik istehsal edən şirkətlərin borcları var, əməkdaşlarına maaş verə bilmirlər. Bu, belə davam edərsə, şirkətlərin fəaliyyətini iflic hala sala bilər. Odur ki, bu borcları hökumət silməli, ya da şirkət yığım vasitəsilə aradan qaldırmalı idi. Odur ki, çıxış yolu kimi tariflər qaldırıldı”, – deyə öz növbəsində digər deputat Rasim Musabəyov bildirib.

Onun fikrincə, əhalinin əksəriyyəti bunu birbaşa hiss etməyəcək. “Amma bu, o demək deyil ki, qiymət artımı izsiz ötüşə bilər”, – deyə deyə deputat qeyd edib.

O bildirib ki, bu artım məhsulun maya dəyərinə, xidmət sahəsindəki fəaliyyətlərə əlavə ediləcək.

Deputata görə, tariflərin qaldırılması seçimi “pislə ən pis” arasında məqbul variant sayılıb.

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının “şaxələndirilmiş ödəmə sisteminin” tətbiq edilməsi haqqında qərar qəbul edib. Əhali üçün təbii qaz tarifləri illik 1500 kubmetri aşmayan həcmin hər bir kubmetri üçün 0,1 manat səviyyəsində saxlanılıb. 1500 kubmetrdən artıq qazın istifadəsi zamanı hər kubmetr 0,2 manata başa gələcək. Aylıq istifadə həcmi 250 kilovatt/saatı keçməyən istehlakçılar üçün bir kilovatt/saat elektrik enerjisinin qiyməti 0,07 manat səviyyəsində saxlanılıb, limit aşıldıqda hər kilovatt üçün 0,11 manat ödəniləcək.

Ana səhifəXəbərlərDeputat: Qiymət artımı vətəndaşın üzərindən büdcəni təmin etmək cəhdidir