13 siyasi partiyadan 168 şəxs müraciət edib
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olmaq istəyən 401 nəfər sənədlərini MSK-ya təqdim edib.
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov iyulun 15-də jurnalistlərə bu barədə açıqlama verib.
Onun sözlərinə görə, siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər:
“Belə ki, 401 nəfərin arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidir. Bu say sürətlə artır”.

R.Qasımov hələlik 150-yə yaxın yerli müşahidəçinin akkreditə olunduğunu qeyd edib:
“Amma bu proses o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir”.
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.