Deputat oğlunun nümayəndəsi: ”Biz bu süründürməçiliyə etiraz edirik”

Prokuror məhkəmə istintaqının yenilənməsini istəyir

Source:
Elmira Axundova və oğlu Həbib Axundov
Elmira Axundova və oğlu Həbib Axundov


Prokuror məhkəmə istintaqının yenilənməsini istəyir

2018-ci ilin iyunundan Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da tərəf olduğu məhkəmə prosesi gedir. Dələduzluqla bağlı bu cinayət işi üzrə müttəhimlər kürsüsündə əyləşən isə Həbib Axundovun dostu olduğu deyilən Elnur İbrahimovdur. O, müxtəlif adamları katric biznesi adıyla aldadıb, onların ümumilikdə 1 milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

Ötən məhkəmə iclasında istintaqın başa çatdığı elan edilmişdi. Hərçənd, pullarının mənimsənilməsinə görə təqsirləndirilən E.İbrahimovdan çox H.Axundovu günahkar bilən zərərçəkənlər məhkəmə istintaqının başa çatmasına etiraz edirdilər. Bildirirdilər ki, bir çox məsələ araşdırılmadan istintaqın yekunlaşması doğru deyil. Lakin məhkəmə qərarını vermişdi. Ona görə də noyabrın 26-na təyin edilən məhkəmə iclasında prokurorun çıxış edib təqsirləndirilən E.İbrahimova cəza istəyəcəyi gözlənilirdi.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə keçirilən prosesdə prokuror məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb. Bildirib ki, zərərçəkmişlərdən Elvin Vəliyev dindirilmədiyinə görə onun mövqeyi aydın deyil: “Çünki nə məhkəmədə dindirilib, nə də mövqeyi ilə bağlı məhkəməyə məktub göndərib. Elvin Vəliyevin ölkədə olub-olmadığı ilə bağlı sorğuya cavab verilməyib”.

H.Axundov da bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onun vəkili Afət Qazıyeva məhkəmə istintaqının təzələnməsinə etiraz edib: “Elvin Vəliyev məhkəmə gəlməyib və məlumat var ki, ölkədən gedib. 6 aydır ki, proses gedir. İndiyə qədər bu adamın ölkədə olub-olmadığı niyə müəyyənləşməyib. Bu cür əsaslarla məhkəmə istintaqını yeniləmək prosesi məqsədli şəkildə uzatmağa xidmət edir, süründürməçilikdir”.

Təqsirləndirilən E.Ibrahimovun vəkili də etiraz edib.

Zərərçəkmişlər və onların vəkilləri isə məhkəmə istintaqının yenilənməsi fikri ilə razılaşıblar. Həmçinin Zarina Xanbalayeva, Anar Babayev adlı şahidlərin məhkəmədə dindirilməsini istəyiblər.

Hakim Rahib Salmanov bildirib ki, Zarina Xanbalayeva məhkəməyə teleqram göndərib. Ona görə də istintaqa

verdiyi ifadə elan edilib.

Ifadədə bildirilib ki, H.Axundovdan E.İbrahimovun kartic biznesi ilə məşğul olduğunu eşidib:

“Həbib mənə demişdi ki, Fərman da ona pul verib. Bunun müqabilində ona qazanc gətirir. Mən də qazanc əldə etmək üçün Həbib vasitəsilə 5 min manat, daha sonra 25 min manat pul vermişəm. Elnuru tanıyırdım, amma onunla görüşməmişəm. Əvvəllər qazanc əldə etdim, lakin 2013-ci ilin iyun ayından sonra pul dayandı”.

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

İttihama əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

E.İbrahimovun həmçinin deputat oğlu olan dostu H.Axundovun da 100 min manat pulunu ələ keçirdiyi iddia olunur.

Lakin məhkəmədə onlar bir-birini müdafiə edirlər. H.Axundov E.İbrahimovdan şikayətçi olmadığını bildirib.

O, E.İbrahimovla dost olduqlarını da təkzib etmir. Sosial şəbəkələrdə E.Axundovun həm H.Axundovla, həm də anasıyla toy görüntüləri yayılıb.

E.İbrahimovun cinayət işi üzrə zərərçəkmişlərin çoxu pulu E.İbrahimova yox, H.Axundova verdiklərini bildirərək, onun ziyanı ödəməsini tələb edirlər.

Ana səhifəXəbərlərDeputat oğlunun nümayəndəsi: ”Biz bu süründürməçiliyə etiraz edirik”