Mənbə: Meydan TV

Deputat: Karantin rejimindən yaxşı qazanırlar

Məqalə yeniləndi:  5 Avqust 2020

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var”.

Deputat Razi Nurullayev parlamentin plenar iclasında büdcə dəyişikliyi layihəsinin müzakirəsi zamanı belə deyib.

O bildirib ki, yanlış sərt karantin rejimi ölkəni məhv edir:

“100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. “Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb” - deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy, bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin.

TƏBİB, o cümlədən Operativ Qərargahın bəzi nümayəndələri bizi “xoxanla” qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu, nə təfəkkür, bu, nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar? Operativ Qərargah və TƏBİB-i dinləyəndə qorxu filmlərinə şükür edilir. Bəsdir millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah”.

“Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın”

R.Nurullayev əlavə edib ki, büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməli və büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır:

“Vətəndaş hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver, aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim, millət necə tarac olur-olsun nə işim var. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur”.

“Hamısının adını bir-bir bu tribunadan açıqlayacağam”

Deputat növbəti iclasda sensasion faktlar açıqlayacağının anonsunu da verib:

“Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Siz ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm”.

R.Nurullayev əlavə edib ki, büdcədən oğurlamalar, şişirtmələr, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyə xəyanətdir.

“Sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var”

Onun sözlərinə görə, suverenliyin rəmzi dövlət başçısı olduğu üçün bu, həm də birbaşa ona yönələn sabotajdır.

“Milli Şura təmsilçiləri öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan “beşinci kolon”, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da Milli Şurada oturanların tərəfdaşlarıdır. 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəng varlanırlar, qəşəng pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar”.

Deputat sonda bildirib ki, büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmaslnl təklif edb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  5 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/62jt3u

Ən çox baxılan