Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi II oxunuşda təsdiqləyib
“Banklarda faizlər yuxarı olduğuna görə bu gün banklarda 7 milyard sərbəst vəsait qalıb”.
Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bank sektorundakı vəziyyət bütün insanları narahat edir:
“Xaricdəki vəsaitlərin bir hissəsinin ölkəyə gətirilməsinin manatın kursuna təsir edə biləcəyini deyirlər. Bəs ölkəyə investisiya qoymadan inkişafa necə nail olunacaq? Bunun özü göstərir ki, bizdə ciddi anormallıq var. Banklarda faizlər yuxarı olduğuna görə bu gün banklarda 7 milyard sərbəst vəsait qalıb. Ona görə də 10 milyon əhalisi olan Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır. Ona görə mən deyirdim ki, dövlət müəssisələri gətirib pulunu yerli banklarda saxlasın. Bu baş vermədiyi, banklara etimad olmadığı üçün bir çox insan vəsaitini banka qoymur. Bizdə Sahibkarlara Yardım Fondu çərçivəsində sahibkarlara müəyyən vəsait verilir. Amma bu, kiçik məbləğdir. Bunu banklarla sahibkarların arasına buraxmaq lazımdır. Sahibkarlar Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etməlidir. Bu, dövlətin, xalqın pullarıdır”.
Deputat Rüfət Quliyev də deyib ki, banklarda depozit faizləri aşağı salınmalı və vətəndaşlara birrəqəmli faizlə kredit götürməyə şərait yaradılmalıdır. Onun sözlərinə görə, bu, baş vermədiyi üçün 7 milyard pulumuz sərbəst qalıb. Deputat vurğulayıb ki, bu kimi məsələlərə görə, maliyyə və iqtisadiyyat bloku birlikdə işləməlidir.
Vahid Əhmədov: “Şəhid və qazi ailələrinin banklara borcları silinməlidir”
Deputat Vahid Əhmədov deyib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var:
“AMB sədrindən xahiş etdik ki, Banklar Assosasiyası bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.
Tahir Mirkişili: “Yeni qanun qəbul olunandan sonra bank kreditlərinin faizinin aşağı salınması mümkün olacaq”
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, hökumət bank sahəsi ilə bağlı yeni qanun layihəsi hazırlayır. Azərbaycanda bank kreditlərinin faizinin yüksək olduğu ilə bağlı həmkarlarının dediklərini təsdiqləyən komitə sədri hesab edir ki, yeni qanun qəbul olunandan sonra bank kredirlərinin faizinin aşağı salınması mümkün olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin xaricdə saxlanması məsələsi ilə bağlı T.Mirkişili bildirib ki, bu, Azərbaycanda makroiqtisadiyyata müsbət təsir etmək üçün tətbiq olunan mexanizmdir:
“Rusiyada bu mexanizm tətbiq edilmir, bu da iqtisadiyyatda təlatümlərə səbəb olur. Vəsaitin təxminən 70%-ə yaxını Azərbaycan iqtisadiyyatına sərf olunur”.
Əmanətlərin sığortlanma məbləği 3 dəfə artırılır
İclasda “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, banklarda olan əmanətlərin tam sığortalanması müddəti 2021-ci ili 5 aprel tarixinədək uzadıldır.
Bu müddət başa çatandan sonra fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılacaq.
Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Komitə sədri Tahir Mirkişili deyib ki, ümumilikdə Azərbaycanda 850 mindən çox sahibkar olan fiziki şəxs var və banklarda olan 20 min manata qədər vəsaitinin sığortalanması 17 milyard manatı əhatə edəcək.
T. Mirkişili Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə saxlanması məsələsinə də toxunub: “Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə saxlanması Azərbaycanda makroiqtisadiyyata müsbət təsir etmək üçün tətbiq olunan mexanizmdir. Rusiyada bu mexanizm tətbiq edilmir, bu da iqtisadiyyatda təlatümlərə səbəb olur. Vəsaitin təxminən 70%-ə yaxını Azərbaycan iqtisadiyyatına sərf olunur”.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.
2015-ci ildə manatın iki dəfə devlvasiyayasından sonra əhalinin banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq məqsədilə 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilən “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2019-cu il martın 4-də 1 il, 2020-ci il martın 13-də isə daha 9 ay uzadıb.
İclada Azərbaycanda 8 noyabr tarixi qeyri-iş günü olması ilə bağı Əmək Məcəlləsinə dəyişiklik layihəsi də II oxunuşda təsdiqlənib.
Layihəyə əsasən, hər il Zəfər Günü kimi qeyd ediləcək 8 noyabr tarixi iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Həmçinin hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq və iş günü sayılacaq.