Deputat əlillərlə bağlı qanunu tənqid etdi

”Əlillərin hüquqları ilə bağlı deklarativ qanun yaratmağa ehtiyac yox idi”

Source:
Musa Quliyev


”Əlillərin hüquqları ilə bağlı deklarativ qanun yaratmağa ehtiyac yox idi”

“Azərbaycanda 600 mindən çox əlil var. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir və onların da yeganə ümid yeri dövlətdir. Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur. Maliyyə tutumlu elə  məhz bu sənəd olmalıdır, pul buraya ayrılmayıb, haraya ayrılmalıdır?!”

Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat  Musa Quliyev belə deyib.

Onun fikrincə, hazırda qüvvədə olunan qanunun daha praktikdir və əlillərin hüquqları ilə bağlı deklarativ qanun yaratmağa ehtiyac yox idi. Komitə üzvünün sözlərinə görə hazırda tətbiq olunan əlillərin sosial müdafiəsində duran qanundur.

“Yeni qanun isə Avropa qanunlarının təcrübəsinə, Avropadakı əlillərin tələblərinə uyğun olaraq hazırlanıb. Hazırkı qanunda əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki, yeni qanuna salınmalıdır”, – deyə deputat bildirib.

Musa Quliyev hesab edib ki, sənədin bu cür qəbulu problemlər yarada bilər.

Komitə üzvü əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret yazılmadığını vurğulayıb. Onun sözlərinə görə layihədə bu məsələnin Mənzil Məcəlləsi ilə tənzimləndiyi yazılsa da, həmin Məcəllədə bu barədə heç nə yoxdur”.

Musa Quliyevin fikirlərinə münasibət bildirən deputat Rauf Əliyev deyib ki, hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və yenilik olmalıdır. Deputat yeni qanunda müəyyən problemlərin olduğu fikrini təsdiqləyib:

“Bu qanunda səhiyyə ilə bağlı böyük problemlər var. Bu, elə bir məsələdir ki, sabah qanun qəbul olunandan sonra əlillər durub hərəsi bir sualla bura gələcək. Ona görə buna çox ciddi yanaşmaq və nə lazımdısa əlavələr etmək lazımdı”.

Layihə ilə bağlı müzakirələr davam edir. Yeni qanun layihəsi ictimaiyyətə açıqlanmadığından hazırkı qanunla müqayisə etmək mümkün deyil.

Ana səhifəXəbərlərDeputat əlillərlə bağlı qanunu tənqid etdi