Vahid Əhmədov: ”Bank rəhbərləri hamısı milyonerdir”
“Azərbaycanda bu gün ən ciddi problemlərdən biri bank sisteminin sağlamlaşdırılması ilə bağlıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit Büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V. Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb: “Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: “Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.
Cavabında Vahid Əhmədov Rüfət Aslanova bu sözləri deyib:
“Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı… “Royal Bank” bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”
Deputat Əli Məsimli isə bildirib ki, banklar insanlara zülm edir: “Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”.
Növbəti dəfə söz alan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deputat Məsimliylə də razılaşmayıb: “Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur”.
R. Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: “2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır”.
APA, modern.az