Deputat dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi

Vahid Əhmədov: “Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin”

Source:

“Dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməsindən sonra vətəndaşlara güzəştlərin edilməsi mümkünsüz olur”.

Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, parlament tətildə olan zaman Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı çox ciddi bir qərar qəbul edib. Qərara əsasən, əhali xarici valyutada götürdüyü kreditləri həmin valyutan ilə ödəməlidir:

“Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən güzəştlər olunurdu. Bu qərarın qəbul edilməsi isə faktiki olaraq bu kimi halların qarşısını alır. Faktiki, insanların xarici valyutada olan kreditləri ödəmək imkanları yoxdur. Ona görə bu məsələ bank sistemində çox ciddi nəticələr yaradacaq”.

Vahid Əhmədov xarici valyutada olan kreditlərlə bağlı ölkə başçısına müraciət edib:

“Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin və Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar müəyyən qərarlar qəbul etsin”.

Deputat “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti artırılmasını da təklif edib:

“Hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək. Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.

Deputat Əli Məsimli isə təklif edib ki, Azərbaycanda “Kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır”.

O bildirib ki, bu qanuna ehtiyac var və onun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər.

Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Deputat Zahid Oruc da dollar kreditləri ilə bağlı qərara toxunaraq deyib ki, məsələnin həlli yenə də parlamentə yönəldilib.

Spiker Oqtay Əsədov isə “hər şeyi parlament eləməli deyil ki” deyə, reaksiya verib.

Ana səhifəXəbərlərDeputat dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi