Elvin Vəliyev: “Bilir ki, bizim pulumuz yoxdur”
Deputat Elmira Axundova və oğlundan şikayətçi olan Elvin Vəliyev deyir ki, Azərbaycanda apelyasiya və kassasiya instansiya məhkəmələri də ədalətli qərar verməsə, bu işi Avropa Məhkəməsinə çıxaracaq. Söhbət deputat və oğlunun iddiaları əsasında onlardan şikayətçi olan şəxslərin 90 min manat cərimələnməsindən gedir.
Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədov çıxardığı qərarda deputat və oğlunun biznesi, mülkiyyəti barədə mediada gedən yazıların onların şərəf və ləyaqətinə toxunduğu nəticəsinə gəlib. E.Axundova və H.Axundovdan şikayətçi olan adamların üzərinə onlara kompensasiya ödəmək öhdəliyi
qoyulub
.
Həmin qərardan apelyasiya şikayəti verilib.
Elvin Vəliyev Meydan TV-yə deyib ki, qərar ədalətsizdir. Onun fikrincə, E.Axundovanın təzyiqilə belə qərəzli qətnamə çıxarılıb.
E.Vəliyevin sözlərinə görə, deputat və oğlunun biznesi, mülkiyyəti haqda onların dedikləri, mətbuatda yazılanlar konkret faktlarla sübuta yetirilib. Həmin faktlar məhkəməyə də təqdim olunub: “Elmira Axundova və oğlunun adına olan avtomobillərin, mülklərin rəsmi siyahısını məhkəməyə təqdim etmişdik. Buna baxmayaraq, Binəqədi Rayon Məhkəməsi bizə qarşı külli miqdarda təzminat ödəmək barədə qərar çıxardı. Bu xanımın məqsədi bizi həbs etdirməkdi. Bizim bu pulu ödəmək imkanımız yoxdur, o da bunu bilir. Lakin mən sona qədər mübarizə aparacağam, Avropa Məhkəməsinə qədər gedəcəm”.
Məhkəmədə deputat və oğlu ilə çəkişən şəxslər iddia edir ki, H.Axundovun onlardan aldığı pullar qaytarılmır.
H.Axundov isə bildirir ki, pullar ona yox, Elnur İbrahimova verilib. E.İbrahimov həbs olunub və bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Bir müddət əvvəl Meydan TV-də deputat oğlunun dəbdəbəli həyat tərzini əks etdirən videolar yayılıb.