Deputat: Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib

Deputat Elnur Allahverdiyev müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasını təklif edib.

Milli Məclis, Foto: Milli Məclis


Deputatlar şəhid və qazilərlə bağlı təkliflər veriblər

“Xidmət zamanı avtoqəzada, döyüş yoldaşının diqqətsizliyi və digər səbəbdən həlak olanlara da şəhid statusu verilməlidir”.

Milli Məclisin iclasında deputat Aydın Hüseynov bu təkliflə çıxış edib.

O bildirib ki, Türkiyə təcrübəsində belə hallar nəzərə alınır:

Aydın Hüseynov
Aydın Hüseynov

“Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib. Onlara da şəhidlik statusunun verilməsi mütləq lazımdır. Həmin dövrdə həlak olub, şəhid statusu verilməyən insanlarla bağlı məsələyə yenidən baxmaq lazımdır. Biz 1993-cü ildə qəbul olunan qanuna yenidən baxmalı, bəzi dəyişikliklər etməliyik”.

Deputat Əli Məsimli də bildirib ki, müharibə veteranların sayının çox olması ilə bağlı məsələlər müzakirə edilir:

“Həqiqətən vuruşan insanların veteran adından məhrum olması yolverilməzdir. İndiyə qədər də heç bir işlə təmin olunmayan veteranlar var. Onların bəziləri çox ağır vəziyyətdədir. Birinci Qarabağ müharibəsində və indi həqiqətən vuruşanların kənarda qalması onlara zərbə olacaq. Bu insanlar onlar üçün nəzərdə tutulan sosial dəstəklərdən məhrum olacaqlar. Reyestrdə qeydiyyat zamanı həmin dövrdə həqiqətən vuruşan insanlara da veteran adının verilməsi təmin edilməlidir”.


Aqil Abbas: “Birinci Qarabağ müharibəsi dövründə evini satıb könüllü gələn insanlar olub”

Deputat Aqil Abbas da bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə evini satıb könüllü gələn insanlar olub: “Onların bəziləri şəhid, bəziləri qazi olub. Əllərində avtomatın nömrəsi, hərbi hissənin nömrəsi olan insanlara veteran adı verilmir. Onlar bunu veteran puluna görə yox, müharibədə vuruşduqlarını sübut edə bilmək üçün istəyirlər. Nazirlər Kabinetində veteranlarla bağlı komissiya var. Bu komissiya işini gücləndirməlidir”.


Siyavuş Novruzov: “Bəziləri şəhidləri və qazilərin adından istifadə edir”

Deputat Siyavuş Novruzov bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan tərəfindən batalyonlar döyüşürdü, heç ordu da yox idi:

“İndiki vaxtda bu məsələ dəqiqliklə araşdırılmalıdır. Həmin dövrdə vuruşan bəzi insanlar veteran adı ala bilmir. Elə adamlar da var ki, heç vuruşmayıb, müharibə veteranı kimi qeydiyyatdan keçib. Qeydiyyat çox dəqiqliklə aparılmalıdır. Şəhid ailəsi, müharibə veteranı adından istifadəyə yol vermək olmaz”.

S.Novruzov vurğulayıb ki, bəzi mətbuat orqanları, bəzi partiya sədrləri müharibə şəhidləri və qazilərin adından istifadə edir:

Siyavuş Novruzov
Siyavuş Novruzov

“Halbuki onların heç birinin onlara dəstəyi yoxdur. Postsovet məkanında müharibə veteranı olan ölkələrin heç birində müharibə şəhidlərinə, əlillərinə, qazilərə Azərbaycandakı qədər dəstək verilmir. Bu baxımdan biz imkan verməməliyik ki, kimsə şəhid, müharibə veteranı adından sui-istifadə etsin, ölkəmizin başçısı, Birinci vitse-prezident tərəfindən göstərilən qayğı görməzdən gəlsin” .


Tahir Kərimli: “Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır”

Deputat Tahir Kərimli bildirib ki, şəhid, şəhid ailələrinin və veteranlarının reyestrinin aparılması çox mütərəqqi addımdır:

“Bu kateqoriyadan olan insanların uzaq bölgələrdən Bakıya gəlməsinə ehtiyac olmamalı, regional qeydiyyat yaradılmalıdır”.

O qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır:

“Şəhid adının məktəblərə verilməsi ilə bağlı problemlər var. Şəhid ailələrini, məktəbin kollektivini məmnun etmək üçün adların verilməsi qaydasında dəyişiklik edilməlidir. Küçələrə adların verilməsi, şəhid muzeyinin salınması və s. məsələləri sadə vətəndaşlar həll etmək istəyəndə, yerli orqan bunu öz üzərinə götürdüyünü deyir, daha sonra mərkəzi icra orqanının üzərinə atır və yekunda nəticə olmur”.

unnamed.jpg
Tahir Kərimli

Deputat Elnur Allahverdiyev müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasını təklif edib.

Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda müzakirə edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, Azərbaycanda müharibə veteranlarının reyestri yaradılması ilə bağlı “Veteranlar haqqında” Qanuna da dəyişikllik edilir.

Ana səhifəSosialDeputat: Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bəzi şəxslərə şəhid adı verilməyib