“Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir”.
Fəzail Ağamalı deyir ki, dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə ayrılan vəsait kifayət qədər azdır
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, 2017-ci ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb: “Bu vəsait kifayət qədər azdır. Ona görə də maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. Bununla belə çox qəribədir ki, mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”.
Qafqazinfo.az xəbər verir ki, deputat eyni zamanda rayonların ləğv olunmasını da təklif edib: “Quberniya tipli çevik idarəçilik sisteminə keçilməlidir”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə XİN-ə maliyyə vəsaitinin az ayrılmasıyla bağlı Meydan TV-nin sualına belə cavab verib: “Ümumiyyətlə, nazirliyin ştatları çox şişirdilib. Bizə Latın Amerikasında səfirliklər o qədər də lazım deyil, bir səfirlik açsaq bəs edər. Onsuz da həmin səfirliklər heç nəylə məşğul olmurlar. Əgər normal ölkə olsaydıq, onların illik hesabatını araşdırsaydıq, söylədiklərim təsdiqini tapardı”.
H.Hacızadə deyib ki, səfirliklər iki məsələylə məşğul olur: ölkənin siyasi və iqtisadi maraqlarını irəli aparmaq: “Məsələn, Azərbaycan şirkətləri Paraqvaya, yaxud Kosta-Rikaya gedir, bizdə bunlar olmur. Azərbaycanın Uruqvayda, Paraqvayda hansı siyasi maraqları ola bilər? Ona görə XİN-in büdcəsinin azalmasını müsbət qarşılayıram. Mənzil kommunal təsərrüfat birlikləri heç olmasa nəyləsə məşğuldur, boru təmir edir. Soruşmaq ayıb olmasın, Azərbaycanın Kosta-Rikada hansı marağı ola bilər?! Hələ Yeltsin hakimiyyətə gələndə Rusiyanın böhranlı vaxtıydı, o zaman o Qaydarın təklifiylə XİN-də çox böyük ixtisarlar apardı. Təsəvvür edin, hər Afrika ölkəsində bir səfirlik var idi, nəyə lazım idi Qabonda diplomatik korpus?!”.