“Müavinətə ehtiyacı olmayanlar çoxdur”
“Məcburi köçkünlərin bir qisminin aylıq müavinətə ehtiyacı yoxdur. Onlara verilən yardım dayandırılmalıdır”, – deputat Vahid Əhmədovun sözləridir.
Bakipost.az yazır ki, o, bu sözləri bəzi köçkünlərin 36 manatlıq aylıq müavinətdən könüllü imtina etməsinə münasibət bildirərkən deyib:
“Aylıq müavinətə ehtiyacı olmayan şəxslərin sayı çoxdur. İcra hakimiyyətləri və Qaçqınkom onların siyahısını hazırlamalıdır. Aralarında vəzifəsi, evi olan, yaşamaqla bağlı heç bir problemi olmayanlar var. Amma məcburi köçkün statusunda qalıblar. Bunu müəyyənləşdirmək lazımdır”.
Deputat deyir ki, bundan sonra imkansız, vəziyyəti ağır olanlara 36 manatdan yüksək məbləğ də vermək olar. Ona görə də, bu statusda olan insanların bir daha yoxlaması aparılmalıdır:
“Müavinətin kimlərə düşdüyünü müəyyənləşdirmək lazımdır. 25 il böyük müddətdir. Bu müddət ərzində hər şey dəyişib. Cəmiyyət bir yerdə dayanmır”.
Vahid Əhmədov 36 manatlıq müavinətdən imtina edənlərin sayının çoxala biləcəyini deyir: “Hesab edirəm ki, 25 ildə özünə şərait yaradan, imkanı olan xeyli insan var”.
İmtina edilən aylıq müavinət məbləğinin digər şəxslər arasında bölünməsinə gəlincə, deputat bunun prezidentin səlahiyyətində olduğunu bildirib: “Belə bir şərait yaranar, imkanlı insanlar da etiraz etməzsə, həmçinin məbləğ böyüyərsə, əlbəttə dövlət başçısı müvafiq sərəncam imzalaya bilər”.
Fevralın 2-də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi açıqlama verərək 300-dən çox məcburi köçkünün aylıq müavinətdən könüllü imtina etdiyini bildirib. Açıqlamada deyilir ki, prezidentin məcburi köçkünlərlə bağlı sonuncu, aylıq 36 manatlıq müavinət fərmanı məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilib.