Deputat baş redaktora xəbərdarlıq məktubu göndərib

Anar Məmmədov: ”Elmira Axundovanın deputat blankında redaksiyamıza məktub yollaması qanunsuzdur”

Source: Azərtac
Elmira Axundova
Elmira Axundova


Anar Məmmədov: ”Elmira Axundovanın deputat blankında redaksiyamıza məktub yollaması qanunsuzdur”

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovadan məktub aldığını deyir.

Baş redaktorun sözlərinə görə, deputat blankında yazılmış məktubda Elmira Axundova oğlu Həbib Axundovun və özünün adı keçən məhkəmə ilə bağlı yazılardan narazılığını ifadə edir.

Anar Məmmədovun sözlərinə görə, deputat xanımı əndişələndirən “Deputat oğlunun işində şahid Zarina Xanbabayeva düyünü” başlıqlı, 19 noyabr 2018-ci il tarixli məqalədir. Deputat xanım yazır:

“Deputat Elmira Axundova oğlunun qurduğu kartric biznesinə pul yatırmağı ətrafında olan şəxslərə məsləhət bilib. Bir çox hallarda bunu vacib bir addım kimi təqdim edib”, “Katric biznesindən pulların deputat Elmira Axundovaya çatması haqda da ifadə var”.

Bu yanlış, mənbəyi bəlli olmayan və təsdiqini tapmamış məlumatları hansı əsaslarla yayırsınız, siz məhkəmə ya da hər hansı bir istintaq orqanısınız? Bu, çox ağır cinayətdir və bütün məsuliyyəti baş redaktor daşıyır”.

Elmira Axundova ad çəkmədən, oğlunun adı keçən gənc xanım, model Günel Mirzəyevanın müəmmalı ölümü ilə bağlı yazır:

“2017-ci ilin noyabr ayında da, siz Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatını saxtalaşdıraraq, onlara məxsus olmayan və həqiqəti əks etdirməyən məlumatı dərc etmişdiniz. Lakin bizim müraciətimiz əsasında həmin qurumdan rəsmi olaraq bildirildi ki, sizə və ya başqa bir media qurumuna belə bir cavab verilməmişdir. Bu, sizin məsələyə qərəzli və tərəfli yanaşmanızın bariz nümunəsidir. Mən bununla əlaqədar Mətbuat Şurasına da müraciət etmişdim və sizə bu barədə xəbərdarlıq olunub. Həmin vaxt sizi məhkəməyə verə bilərdim, bunun üçün əlimdə kifayət qədər əsaslı sübutlarım vardı. O zaman sizi məhkəməyə vermədim”.

Elmira Axundova deputat blankında yazdığı məktubda kimlərinsə ondan üzr istəməsindən bəhs edir, özü barəsində “tanınmış bir ictimai xadim kimi mənim nüfuzuma xələl gətirəcək məlumatlar yayırsınız. Bildirirəm ki, bu cinayətdir”, yazır.

O, baş redaktora xəbərdarlıq edir:

“Mən sizə sonuncu dəfə çox ciddi şəkildə xəbərdarlıq edərək bildirirəm ki, tezliklə belə yazılara və qeyd etdiyim hallara son qoyasınız. Əks təqdirdə mən sizin barənizdə hüquq- mühafizə orqanlarına müraciət edəcəyəm və sizinlə məhkəmədə görüşəcəyəm”.

Anar Məmmədov hesab edir ki, Elmira Axundovanın hədələyici tonda məktub yazması birbaşa olaraq mətbuat və söz azadlığına basqıdır:

“”Criminal.az” saytının hər hansı bir şəxsə, o cümlədən deputat Elmira Axundovaya qarşı qərəzi yoxdur. Hər dəfə Elmira Axundova, onun oğlu Həbib Axundovun adı keçən məqalələrlə bağlı xanım deputatın mövqeyini öyrənməyə çalışmışıq. Lakin Elmira Axundova, onun oğlu Həbib Axundov əksər hallarda münasibət bildirməkdən yayınıblar. Münasibət bildirdikləri məsələrlə bağlı mövqeləri bu gün də saytdakı məqalələrdə yer alıb.

Təəssüf edirik ki, xanım deputat dövlətin ona verdiyi səlahiyyətlərdən medianı susdurmaq üçün istifadə edir. Elmira Axundovanın deputat blankında redaksiyamıza məktub yollaması qanunsuzdur, özünün vətəndaşlardan üstün mövqeyə malik olmasını nümayiş etdirməyə hesablanmış addımdır. Medianın susdurulması ümumilikdə cəmiyyətin inkişafının qarşısının alınması deməkdir.

Elmira Axundova deputat olmazdan əvvəl mətbuatda, Azadlıq Radiosunda çalışıb. Yəni mətbuatın, media nümayəndələrinin cəmiyyəti maraqlandıran bu və ya digər hadisələrlə bağlı bütün tərəfləri müəyyən edib dinləmək, onların fikirlərini cəmiyyətə çatdırmaq kimi bir funksiya daşıdıqları xanım deputata bəllidir. Bu baxımdan “Criminal.az” saytı öz üzərinə düşən funksiyaları yerinə yetirərkən belə bir hədə məktubu alması, belə bir məktubun deputat blankında yerləşdirilməsi özü də təəssüfedicidir”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev Meydan TV-yə deyib ki, deputata verilən imtiyazlar məhz onun deputatlıq fəaliyyəti ilə bağlıdır:

“Yalnız deputatların istifadə etdiyi vasitələrdən, o cümələdən də blankarldan istifadə deputatlıq fəaliyyəti ilə bağlı olmalıdır. Qanunvericilikdə belə məsələlərlə bağlı birbaşa göstəriş olmasını xatırlamıram, ancaq deputatın şəxsi məsələlərdə belə vasitələrdən istifadə etməsi ən azı etik deyil”.

Ana səhifəXəbərlərDeputat baş redaktora xəbərdarlıq məktubu göndərib