Deputat: “AZAL qiymətləri qaldıra-qaldıra gedir”

Foto: AZAL

Fazil Mustafa: “Aviabiletlərin qiymətləri məsələsində Gürcüstan və digər ölkələrə uduzuruq”

Milli Məclisin bugünkü iclasında “Turizm haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir mehmanxana (otel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz sertifikatı əldə edəcək.

Mehmanxanaların (otellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun aparılacaq.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılmalıdır. Bu xidmətdən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanının həvalə etdiyi orqan (qurum) müəyyən edir.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

Azərbaycanda otellərə ulduz dərəcələri Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyi tərəfindən Milli Ulduz təsnifat sistemi əsasında verilir.
Turistlər tibbi müayinədən keçib, vaksinasiya olunacaqlar

Yeni qanunda əksini tapan digər məqamlar Azərbaycana gələn turistlərin tibbi müayinədən keçmələri və vaksinasiya olunmaları ilə bağlıdır.

Belə ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Həmçinin turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin öhdəlikləri də var:

Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;

Turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;

Bu Qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq.

Azərbaycana turist kimi gələn əcnəbilərə turizm vizası veriləcək

“Turizm haqqında” yeni qanuna əsasən, viza tələb olunduğu hallarda Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar.

Turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir.

Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Bakı,Mehmanxana, Foto: By Elena Odareeva/Shutterstock

Azərbaycana gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.

“AZAL qiymətləri qaldıra-qaldıra gedir”

İclasda həmçinin aviabiletlərin qiymətlərinin baha olması məsələsi qaldırılıb.

Deputat Aqil Abbas çıxışı zamanı təyyarə biletlərinin bahalığı məsələsinə toxunub. O, Milli Məclisin sədri

Sahibə Qafarovadan AZAL-la (Azərbaycan Hava Yolları) bağlı qiymətlər məsələsinə qarışmağı xahiş edib:

“Hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək? Özümüz deyib, özümüz də eşidəcəyik. Benzin özümüzündür, hər şey bizimdir. Dövlət də AZAL-a subsidiya verir. Amma AZAL qiymətləri qaldıra-qaldıra gedir. “Zirə” komandasını da saxlaya bilmədi. Bir komandanı da saxlaya bilmirsən? Azərbaycanda ancaq elə “Qarabağ” komandası olmalıdır? Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır”.

Aqil Abbas
Aqil Abbas, Foto: “Ədalət” qəzeti

Fazil Musatafa da məsələ ilə bağlı fikirlərini bildirib:

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq”.

Ana səhifəSosialDeputat: “AZAL qiymətləri qaldıra-qaldıra gedir”