Deputat Azər Badamov Rusiyadan deportasiya edilib

Azər Badamov – Foto: Youtube Screenshot

Azərbaycan XİN Rusiyadan izahat tələb edir

Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

APA-nın yaydığı məlumata görə, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti mərhum Prezident Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

Onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib və bu addıma hər hansı izahat verilməyib.

Azər Badamov geri qayıtmalı olub.

Ehtimala görə, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə qarşı media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu “qara siyahı”ya salıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Milli Məclisin deputatının Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib. Ayxan Hacızadə deyib ki, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında baş verib.

“Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb”.

Ayxan Hacızadə bildirib ki, məsələ ilə əlaqədar, dərhal Azərbaycanın Rusiyadakı Səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Ana səhifəSiyasətDeputat Azər Badamov Rusiyadan deportasiya edilib