“Əli müəllimə qarşı səsləndirilən bütün bu kimi ittihamlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır. Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komitəsi də Azərbaycanda ən şəffaf qurumlardan biridir”.
Bu sözləri Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı “olke.az”-a müsahibəsində deyib.
Deputat saytları yalan yazmaqda qınayıb:
“Saytlar Əli müəllimin nəvəsinə məxsus maşına yüksək qiymətlər qoyurlar. O maşının milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı maşında Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var? Bilirsiniz, bu cür ucuz şoular yaratmaqla insanları hörmətdən salmağa çalışırlar. Ancaq Əli Həsənovu hörmətdən salmaq mümkün deyil. Çünki Əli Həsənov cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiq adamdır. Ola bilsin ki, bu cür yazılar kiminsə sifarişidir. Mən bunu dəqiq araşdıra bilmərəm. Ancaq hər halda bütün bunlarla süni qalmaqal yaratmaq yaxşı hal deyil. Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir. Əli müəllim cənab Prezidentin rəhbərliyi altında böyük işlər görüb, məcburi köçkünlərlə bağlı güclü və şəffaf idarəetmə sistemi yaradıb. Bütün bunları heç zaman ləkələmək olmaz”.
Astan Şahverdiyev deyib ki, Nail Allahverdiyev imkanı öz gücünə əldə edib:
“Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağılı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur. Niyəsə o yazını yazan adamların qəlbində böyük paxıllıq və xəbislik var. Əksinə, qabağa gedənə dayaq olmaq lazımdır. Daha ayağından çəkmək lazım deyil.”.
Deputat hesab edir ki, hadisədə N.Allahverdiyevin heç bir günahı yoxdur:
“Yalan söhbətdir. Heydər Əliyev prospektində kim ötüşür? Bütün bunlar cəfəngiyyatdır. İndi cavan uşaq olduğu üçün hamı elə bilir ki, ötüşürmüş. Mən sizə bir misal göstərim. Bəzən maşınla harasa gedəndə görürsən ki, yol polisi cavan uşaq sürən maşını daha çox saxlayır. Amma yaşlı adamları saxlamır. Onları cavan olduqları üçün saxlayır. Düşünür ki, bunlar avtoşluq edə bilər. Ona görə də hamının dilinə bir söz düşüb ki, filankəsin oğlu, nəvəsi avtoşluq edirmiş. Bu bir hadisədir və hər kəsin başına gələ bilər. Mən yenə deyirəm ki, Əli Həsənovun nəvəsi həmin günü evində olub. Bunu sübut etmək üçün nə qədər şahid desən var. Bu hadisəyə sevinmək lazım deyil, bundan təəssüflənmək lazımdır. Belə hadisə hər adamın başına gələ bilər”.