Deputat: ANAMA əməkdaşlarının əmək haqları artırılmalıdır

“Onlara güzəştli ipotekadan istifadə hüququ yaradılmalıdır”

Foto: Meydan TV


"Onlara güzəştli ipotekadan istifadə hüququ yaradılmalıdır"

Avqustun 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 76, tank əleyhinə 5 mina və 194 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında belə deyilir.

Bildirilir ki, 96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, torpaqlar işğaldan azad olunduqdan sonra minatəmizləyənlərin üzərinə daha çox məsuliyyət düşüb: "İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb. Yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da mina təmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir. İkinci Dünya müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir”.

Deputat bildirir ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyətlə məşğuldurlar. Ona görə ANAMA işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı: “Əvvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsinə məqsədə uyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər”.

Bundan əlavə, deputat bildirir ki, "Əmək pensiyaları haqqında" Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edir: “İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuyğun olardı. ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb”.

Vüqar Bayramov deyir ki, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqlarında artırmların davam etdirilməsi vacibdir. Bu, minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir: “Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhvəsi olacaq”.

Bir müddət əvvəl ANAMA-da çalışanlar Meydan TV-yə müraciət edərək

bildirmişdilər

ki, minaaxtaranların hüquqları kobud şəkildə pozulur. Onların narazı olduqları ən birinci məsələ əməkhaqqıdır: “Eyni işi görüb, eyni əmək sərf etdiyimiz halda, azərbaycanlı və əcnəbi vətəndaşların əməkhaqları arasında böyük fərq var. Bu fərq bir neçə qatdan ibarətdir. Məsələn, yerli minaaxtaranların maaşı cəmi 630 manat təşkil etdiyi halda, əcnəbi minaaxtaranların əməkhaqqısı bir ay üçün 1500 dollardır. Bu, haqsızlıqdır. Onlar bizdən fərqli nə iş görürlər ki? Hamımız həyatımızı təhlükəyə atıb, canımızı dişimizə taxıb işləyirik”.

Şikayətçilər rəhbərliyin onlara qarşı münasibətindən də narazıdır. Deyirlər ki, agentlikdə baş verən islahatlara baxmayaraq rəhbərliyin işçilərə münasibətində heç bir dəyişiklik yoxdur: “Hətta rəhbərlikdən narazı olan minaaxtaranları agentliyin Hadrutdakı bölməsinə göndərərək cəzalandırırlar. Qaydalarda nəzərdə tutulmasına baxmayaraq, 100 kilometrdən daha uzaq məsafədən işə gələn şəxslərə də bunun üçün ödəniş verilmir. Agentliyin rəhbərliyi bütün bu situasiyalara pul xərclədiyini hesabatda yazaraq xərcləri mənimsəyir”.

Ana səhifəXəbərlərDeputat: ANAMA əməkdaşlarının əmək haqları artırılmalıdır