Milli Məclisdə "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihələri təsdiqlənib
“İnsanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin”.
Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu təkilflə çıxış edib.
O təklif edib ki, açıq havada az sayda insanların iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilməsi məqəsəduyğundur:
“Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir”.
Komitə sədri qaydalara riayət etməklə teatrların açılmasını da təklif edib.
İclasda bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb.
“Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir”
"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsinnin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərova irad bildirib:
“Ötən iclasda mən dövlət qulluğuna qəbulun sadəcə müsahibə ilə keçirilməsini təklif etdim. Qanun layihəsini təqdim edən deputat həmkarım Kamal Cəfərov də inkişaf etmiş ölkələrin çoxunda dövlət qulluğuna qəbulun təkcə müsahibə yolu ilə olduğunu qeyd etdi. Dolayısıyla mənim dediklərimi təsdiqlədi. Həmçinin hər 5 ildən bir dövlət qulluqçularının imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Yəni insanlar işlədikləri dövrdə təcrübə qazanırılar. Bununla bağlı yeni seçilən deputatlara da üzümü tutdum. Dedim ki, ilk seçilənlə indiki arasında onların təcrübəsi xeyli artıb. Kamal müəllim isə mənim sözümü tuturmuş kimi dərhal dedi ki, onsuz da deputatlar da 5 il müddətinə seçilir. Təəssüf edirəm ki, Kamal bəy deputatla dövlət qulluqçusunun funksiyalarını bilmir. Millət vəkili qanunlar qəbul edir. Yəni millət vəkili ilə dövlət qulluqçusunu bu şəkildə müqayisə etmək nə dərəcədə doğrudur, bilmirəm. Amma qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, onunla bağlı fikir söyləməsinlər”.
Dövlət qulluğuna namizədlər beşdən artıq müsahibədə iştirak üçün ödəniş edəcəklər
"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.
Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Sənədin qeyd hissəsində bildirilir ki, qanunun mövcud redaksiyasında dövlət qulluğu sertifikatına malik olan namizədlərin heç bir məhdudiyyət qoyulmadan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulsa da, bir çox halda müsahibədə iştirak üçün müraciət etmiş namizədlərin müsahibəyə gəlməməsi və bu səbəbdən DİM üçün əlavə xərclərin yaranması hallarına rast gəlinir. Bu cür halların qarşısını almaq üçün dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin hər ili ərzində dövlət qulluqçusunun beç müsahibədə iştirakının ödənişsiz, beşdən artıq müsahibədə iştirak üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş ödəməsi nəzərdə tutulur.
Prokurorluq, müdafiə, sərhəd xidmətində işləyənlərin qulluq illəri dövlət qulluğu stajına daxil ediləcək
"Dövlət qulluğu haqqında" digər dəyişikliyə əsasən, dövlət qulluğunun xüsusi növündə – prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdyi orqan (qurum) təsdiq edir.
Qanuna dəyişiklik layihələri müzakirələrdən sonra III oxunuşda qəbul edilib.