“Departamentin direktor müavini məni intihar həddinə çatdırıb”

“İlin-günün bu vaxtı, pandemiyada məni niyə səbəbsiz yerə işdən çıxarmalıdır?”

Source: Specify Source


Camal Əkbərov: "Rauf Əhmədov məni bezdirib"

“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin analitik informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışmış Camal Əkbərov haqsız yerə işdən çıxarıldığını iddia edir.

Şikayətçi Meydan TV-yə açıqlamasında deyib ki, departamentin direktor müavini Rauf Əhmədovun təzyiqlərinə dözə bilmədiyi üçün məcbur ərizə yazaraq işdən uzaqlaşıb: “2012-ci ildən “Azərişıq”da müxtəlif vəzifələrdə çalışmışam. Sonuncu işim analitik informasiya şöbəsində mütəxəssis idi. Səhər idarəyə gəlirdim, göstərişləri götürürüb əraziyə çıxırdım. Rauf Əhmədov müavin təyin olunandan sonra ciddi problemlər yarandı. Bu adam işə gələndə mən ərazidə işləyirdim. Maddi sıxıntılarım, kredit borcum olduğu üçün işdən sonra taksi sürücüsü işləyirdim. O, bunu biləndə, məni ərazidən uzaqlaşdırdı, idarədə oturmağımı əmr etdi. Bununla kifayətlənmədi, Rauf Əhmədov məni işdən çıxarmaq üçün vəchlə çalışırdı. Gündəlik görülən işlərlə bağlı xidməti məlumat yazmağımı istədi. Mən də dedim ki, ərazidən idarəyə gətirmisiniz, amma heç bir iş, tapşırıq vermirsiniz. O da cavabında bildirdi ki, yaz ki, heç bir işlə məşğul olmadım. Mən də hər gün xidməti məlumatda qeyd edirdim ki, rəhbərlik tərəfindən heç bir tapşırıq verilmədiyi üçün gün ərzində heç bir işlə məşğul olmamışam”.

Camal Əkbərovun sözlərinə görə, idarəyə təhkim olunsa da, işləməyi üçün şərait yaradılmayıb, stol-stul, kompüter verilməyib: “Dəfələrlə tələb etdim ki, 9:00-dan 18:00-dək burada olmağımı istəyirsiniz, şərait yaradın, iş verin, işimi görüm. Səhərdən axşamadək adam bir otaqda stol-stulsuz nə qədər dayanar? Otaq yoldaşlarımdan kimsə məzuniyyətə çıxırdı, onun yerində otururdum. Hamı yığışanda isə ayaqüstə qalırdım. Belə olanda da, məcbur olurdum ki, çıxım həyətdə gəzim. Rauf Əhmədov bunu biləndə, hətta həyətə çıxdığım üçün mənə izahat yazdırırdı. Mənimlə prinsip aparırdı. Dəfələrlə yaxınlaşmışam ki, mənə belə etmə, ehtiyacı olan adamam. Qoy başımı salım aşağı, işləyim, çörəyimi qazanım, pulumu alım. Nəticədə mənə izahat yazmağı məcbur etdi. Bu adam məni intihar həddinə çatdırıb. Məni o qədər sıxışdırıb, bezdirdi ki, öz xahişimlə ərizəmi yazıb, işdən çıxdım. Harınlamış məmur niyə çörəyimi əlimdən almalıdır? Məni yandıran odur ki, evdə xəstə atam, yaşlı anam, iki körpə balam var. İlin-günün bu vaxtı, pandemiyada məni niyə səbəbsiz yerə işdən çıxarmalıdır?”

“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Rauf Əhmədov Meydan TV-yə açıqlamasında qarşı tərəfin ittihamlarının əsassız olduğunu deyib: “İlk növbədə qeyd edim ki, həmin adam işdən öz ərizəsi ilə çıxıb. İkincisi, işə vaxtlı-vaxtında gəlmirdi. Yerinə başqası kartı vururdu. Ya da işə gəlib, dəyib, çıxıb gedirdi. Gün ərzində bir dəqiqə də olsun, “Azərişıq”ın işi ilə məşğul olmayıb. Özü izahatında yazıb ki, gün ərzində bir işlə məşğul olmamışam. İş vaxtı gedib, taksi sürücülüyü etmişəm. Özünüz bilirsiniz ki, böyük şirkətlərdə giriş-çıxış kamera ilə nəzarətdə olur. İttihamları yalandır, ürək bulandırmaqdan başqa bir şey deyil”.

Camal Əkbərov Rauf Əhmədovun söylədiklərinin doğru olmadığını bildirib.

O əlavə edib ki, iş saatı bitəndən sonra sürücülük edib, işinə daim məsuliyyətlə yanaşıb: “Mən hətta iki il kassada işləmişəm. Bir dəfə də olsun, işimlə bağlı problem yaranmayıb. Sadəcə, Rauf Əhmədovun mənimlə qərəzi var”.

Ana səhifəSosial“Departamentin direktor müavini məni intihar həddinə çatdırıb”