Departament: “Erməni genosidi” qanun layihəsi ABŞ siyasəti deyil

Senat keçən həftə Osmanlı türkləri tərəfindən 1 milyondan çox erməninin kütləvi qətlini soyqırım kimi tanımaq üçün yekdilliklə səs verib.

ABŞ Dövlət Departamenti


“Bizim baxışlarımız prezidentin ötən ilin aprel ayından bu mövzuda səsləndirilmiş açıqlamasında öz əksini tapıb”

ABŞ Dövlət Departamenti dekabrın 17-də bildirib ki, konqresdə erməni soyqırımını tanımaq üçün atılan son addım ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətini əks etdirmir, – AFP xəbər verir.

Qısa bəyanatda departament bildirib ki, Tramp administrasiyasının erməni soyqırımı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Senat keçən həftə Osmanlı türkləri tərəfindən 1 milyondan çox erməninin kütləvi qətlini soyqırım kimi tanımaq üçün yekdilliklə səs verib. Nümayəndələr palatası bundan öncə eyniadlı qanun layihəsini qəbul etmişdi və qanunverici qurumun bu addımı o zaman da ABŞ-ın NATO müttəfiqi Türkiyənin kəskin etirazına səbəb olmuşdu.

“Administrasiyanın mövqeyi dəyişməyib”,- departamentin sözcüsü Morgan Ortagus iki cümləlik şərhində bildirib:

“Bizim baxışlarımız prezidentin ötən ilin aprel ayından bu mövzuda səsləndirilmiş açıqlamasında öz əksini tapıb”.

24 apreldə Prezident Donald Tramp “Erməni Anma Günü”nü öz bəyanatında xatırlatmış və “20-ci əsrin ən ağır kütləvi vəhşiliklərindən birində əziyyət çəkənlərin xatirəsini” hörmətlə anmışdı. Uzun müddətdir davam edən ABŞ siyasətinə uyğun olaraq onun bəyanatında da “soyqırım” ifadəsindən istifadə edilməmişdi.

Bundan öncə Senatda Ankaranın Suriyadakı hücumuna və Rusiyaya məxsus S-400 raket sistemini satın almasına reaksiya olaraq Türkiyəyə sanksiya tətbiq edilməsi ilə bağlı səsvermə olmuşdu.

Bununla artıq bir neçə dəfədir ki, Konqres tərəfindən Tramp administrasiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı daha sərt çıxış etməyə məcbur edilir.

Ana səhifəDünyaDepartament: “Erməni genosidi” qanun layihəsi ABŞ siyasəti deyil