Depardye: “Putinin çılğınlıqlarına görə rus xalqı məsuliyyət daşımır”

Source: Foto: Meydan TV

Peskov: “Depardye nə baş verdiyini tam başa düşmür”

“Rus xalqı Vladimir Putin kimi liderlərin həddini aşmış çılğınlıqlarına görə məsuliyyət daşımır”.

Bunu fransalı aktyor Jerar Depardye Rusiya-Ukrayna münaqişəsi haqqında danışarkən deyib.

Bu, Depardyenin Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması ilə bağlı ikinci açıqlamasıdır.

“Rusiya ilə Ukrayna həmişə qardaş ölkələr olub. Mən qardaş müharibəsinin əleyhinəyəm. Silahdan istifadəni dayandırın və danışıqlar aparın”, – hərbi münaqişənin altıncı günü aktyor demişdi.

“Rusiya rəhbərliyinin hərəkətlərinə qarşı sərt açıqlamalar verən aktyor Jerar Depardye, yəqin ki, nə baş verdiyini tam başa düşmür”.

Bunu isə Kremlin sözçüsü Dmitri Peskov Jerar Depardyenin fikirlərinə cavab verərkən deyib.

“O, 2014-cü ildə Ukraynada baş verənləri, Minsk razılaşmasını, Donetsk və Luhanskın nə olduğunu başa düşmür. Depardye dinc əhalinin bombalanmasını çətin ki, anlaya. Lazım gələrsə, baş verənləri ona izah etməyə hazırıq”, – deyə Peskov qeyd edib.

Jerar Depardye 2013-cü ilin yanvarında Rusiya vətəndaşlığı alıb.
Aktyor Fransanın ozamankı prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiyadan vətəndaşlıq istəmişdi.

2013-cü ilin fevralında Çeçenistan rəhbəri Ramzan Kadırovun qərarı ilə aktyora respublikanın fəxri vətəndaşı statusu, həmçinin 5 otaqlı mənzil verilib.

2015-ci ildə Jerar Depardye Aleksandr Lukaşenko ilə şəxsən tanış olub.
Belarus prezidenti aktyora 99 il müddətinə Zaslavski su anbarının (Minsk dənizi) sahilində 15 hektar ərazi icarəyə verilməsini tapşırıb.
Həmin ərazi prestijli şəhərətrafı ərazilərdən hesab edilir.
Aktyorun icarə müddəti üçün ildə təxminən 133 rubl ödədiyi bildirilir.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatı pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəMədəniyyətDepardye: “Putinin çılğınlıqlarına görə rus xalqı məsuliyyət daşımır”