İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
Yanvarın 15-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Prezident.az saytının məlumatına görə, Xəzər dənizinin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılması ilə bağlı qanun qüvvəyə minib.
Dəyişikliyə əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblər pozulmamalı; yəni həmin torpaq sahələri müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmamalı; Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsi və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmaması, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunmalıdır.
Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.
Həmçinin xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.