Müayinə zamanı ailəsi Cavid Bəhramovu tanıyıb
Xəzərdən tapılan meyitin kimliyi müəyyənləşib. Həmin şəxs “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən operator Cavid Bəhramovdur. Onun meyiti martın 4-də estakadanın uçduğu ərazinin yaxınlığında aşkarlanıb.
APA-nın məlumatına görə, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən meyit üzərində ilkin müayinənin bitdiyi, hazırda genetik müayinə aparıldığı haqda məlumat yayılıb.
Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb.
2016-cı ilin dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.
Olayın araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.