”Əlamətləri Sumqayıt şəhər sakininə uyğun gəlir”
Fevralın 17-də balıqçılar Ələt qəsəbəsindəki Hamamdağ adlanan ərazidə dənizdən cəsəd tapıblar. Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı yayıb. Onun sözlərinı görə, cəsədin itkin düşən neftçiyə aid olduğu hələ bilinmir.
Faktı Meydan TV-yə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarovların yaxın qohumu Hacı Qayıbov da təsdiqləyib:
“Cəsədi tapan balıqçı bizim qəsəbənin sakinidir. Həmin şəxs bu barədə dövlət qurumlarına da məlumat verib. Bu məlumatı alandan sonra itkin düşən neftçilərin yaxınları, qəsəbə sakinləri ilə birgə həmin əraziyə yollandıq. Oraya gələn SOCAR-ın və digər qurumların əməkdaşları cəsədi sudan çıxararaq apardı”.
H.Qayıbov onu da deyir ki, cəsədin kimə məxsus olduğu bəlli deyil: “Meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə apardılar. Araşdırmadan sonra dəqiq məlumat bilinəcək. Amma meyiti aşkarlayan balıqçının dediyi əlamətlərə görə, tapılan itkin düşən neftçilərdən biridir. Tanıyanlar deyir ki, həmin əlamətlər “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində operator işləyən Sumqayıt sakini Vidadiyə uyğun gəlir”.
Rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyiblər.