Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu yazır:
Azərbaycanda güc strukturlarının və məhkəmələrin çox pis işlədiklərini demək çox səhv yanaşmadır. Bu strukturlar 10-15 il əvvəl çox pis işləyirdilər. İndi onlar işləmirlər, qanunla müəyyən edilmiş fəaliyyətləri tamamilə qadağan edilib. Bu mərhələdə onların fəaliyyəti PA-dan, həmçinin yüksək vəzifəli, önəmli məmurlardan gəlmiş qanunsuz tapşırıqlarıyla bir qayda olaraq ölkədə demokratik və hüquqi idarəetmə sisteminin qurulması uğrunda mübarizə aparan və ya təşviq edən müxalifətçilərin, vətəndaş cəmiyyətinin digər təmsilçilərinin, o cümlədən jurnalistlərin absurd ittihamlarla şərlənərək uzun müddətli həbsə atılmaları yönündə olur.
Rejim bu illər ərzində tamamilə təqsirsiz insanların şərlənib həbsə atılması prosesində minlərlə ölkə vətəndaşını hakim, müstəntiq, prokuror, polis əməkdaşı, zərərçəkmiş və şahid qismində hüquq müstəvisində cinayətkara çevirib, mənəviyyat müstəvisində yumşaq desək aşındırıb. Yuxarıdan gəlmiş istənilən qanunsuz və absurd tapşırıq göydəcə qapılır və dərhal icrasına başlanılır. Qeyd etdiyim şəbəkədə indiyədək bir nəfər də olsun dürüst və cəsur adam tapılmayıb ki, bu cür qanunsuz tapşırığı icra etməkdən imtina etsin. Odur ki, istənilən arzuedilməz adamı ən absurd ittihamla şərləyib həbsə atmaq rejim üçün su içmək kimi asan bir məsələyə çevrilib.
Rejim istəsə, bizi hətta hələ dünyaya gəlməmişdən əvvəl “törətdiyimiz” və ya 15 il bundan sonra “törədəcəyimiz” cinayətə görə cəzalandıra bilər. Bunun üçün müvafiq qurumlar və şəxslər hazırdılar, təki qibleyi-aləmdən buyruq gəlsin. Məhz bu duruma görə hər həftə evə zəng etdikdə yeni-yeni insanların, xüsusən də Əli Kərimlinin yaxın ətrafında olab cəbhəçilərin şərlənərək həbs edilməsi xəbərlərini almağım adi hala çevrilib.
Məsələ belədir ki, bu vəziyyətdə təqsirləndirilən şəxslərin özünümüdafiə üçün heç bir şansları yoxdur. Nə alibilərin, nə daşdan keçən sübutların, nə şahid ifadələrinin, nə də ki digər müdafiə faktorlarının heç bir əhəmiyyəti qalmır. Məsələn, mənə qarşı irəli sürülmüş dələduzluq və saxta sənəd düzəltmə ittihamını təxminən 10 ay davam etmiş məhkəmə prosesində dünyada heç bir nadanın, gönüqalının dana bilməyəcəyi şəkildə darmadağın etdim və təqsirsizliyimi sübut etdim. Üstəlik də mental-mənəvi müstəvidə yalan danışanı, yalan ittihamı müdafiə edəni və yalan hökm çıxaranı ədəbi dilin normaları çərçivəsində laiyq olduqları ifadələrə qonaq etdim. Təsəvvür edin ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apelliyasiya Məhkəməsinin hakimləri və prokurorları bu ifadələri bal kimi uddular və saxta hökm çıxardılar.
İlham Əliyev repressiya aparatının cinayət əməllərinin qarşısını almalı, ya da heç olmasa buna etiraz etməli olan dövlət və ictimai qurumları tamamilə səlahiyyətsizləşdirib və mənəvi baxımdan çürüdüb. Parlament, dövlət qurumları, ombudsman institutu, QHT-lər və KİV rejim tərəfindən təyin edilib və vəzifələri dövlət başçısının və onun komandasının atdığı addımları alqışlamaqdan ibarətdir.
Baxın, indi də dövlət ittihamçısı Abzas Medianın jurnalistlərinə 11-12 il azadlıqdan məhrumetmə cəzası istəyib. Hamımız yaxşı bilirik ki, onların suçu yoxdur. Bu cəsarətli jurnalistləri Əliyev rejiminin müxtəlif fırıldaq üsullarla xalqın pullarını necə oğurladığını açıb göstərdiklərinə və bununla da peşələrinə, həm də vətənə ləyaqətlə xidmət etdiklərinə görə həyasızcasına şərləyiblər. Təbii ki, sifarişli məhkəmə onları məhkum edəcək. Son ilyarım ərzində şərlənib həbsə atılmış vətəndaş cəmiyyətinin nümayəndələrinin hamısını mənim, abzasçıların aqibəti gözləyir.
Bəs nə etməli? “Mübarizənin heç bir perspektivi yoxdur”, – deyib ümidsizliyəmi qapılmalıyıq?
Dünyanın başının özünə qarışması da Azərbaycan iqtidarını sevindirərək daha da repressiyaya cəsarətləndiribsə, bizdə demokratiya uğrunda mübarizənin müsbət perspektivinə ümid qalmalıdırmı? Bəli, ölkəmizdə vəziyyət ağırdır və aydınca görünür ki, daha da ağırlaşacaq. Heç istisna etmirəm ki, Milli Şuranın, AXCP-nin və Müsavat Partiyasının rəhbərləri də həbs edilə bilərlər. İnanın ki, indi deyəcəyim sözləri təbliğat xətrinə demirəm. Əliyevin repressiya maşınına tam güc verməsi, əslində onun özünə arxayın olmadığının, cəmiyyətin onu dəstəkləmədiyini qəbullandığının və ilk fürsətdəcə xalqın müxalifətin tərəfinə keçəcəyini dərk etdiyinin göstəricisidir. Onun bu addımları qətiyyən praqmatik deyil, impulsiv, refleksik və aqonik reaksiyadır. Göz qabağında sadə bir məntiq var. Əgər adam bütün qalın paltarlarını geyinib üstündən də adyala bürünübsə və sobanı mümkün qədər bərk qalayırsa, deməli o, çox üşüyür. Bax, Əliyevin repressiya maşınına tam güc verməsi də bu sadə məntiqdən doğur. O, müxalifətdən, xalqdan və ədalətdən qorxur. Ona görə də ruhdan düşməyin, artıq yolun çoxunu keçmişik və hər şey yaxşı olacaq.
Mübarizəyə davam. Yaşasın demokratiya, rədd olsun diktatura!”