Demokrat Partiyası seçkilərdə iştirakdan imtina etdi

Sərdar Cəlaloğlu: Bu boykot deyil, boykot o zaman olardı ki, üzvlərimizə də seçkidə iştirak qadağası qoyardıq

Source:


Sərdar Cəlaloğlu: Bu boykot deyil, boykot o zaman olardı ki, üzvlərimizə də seçkidə iştirak qadağası qoyardıq

Sentyabrın 16-da Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin iclası keçirilib. Toplantıda ölkədə ictimai siyasi vəziyyət, 1 noyabr 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar hazırlıq məsələsi və digər məsələlər müzakirə edilib.

Müzakirələrdən sonra müvafiq qərar qəbul edilib.

Meydan TV-yə daxil olan qərarda bildirilib ki, son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşdirilməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyəti 1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirakın hazırkı mərhələdən davam etdirilməsinin məqsədəmüvafiq olmamasını qeyd edir və seçkilərdən geri  çəkilir.”

Qərarın 2-ci bəndində qeyd olunur:

“Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsinin 1-ci bəndinə əsasən partiya üzv və tərəfdarlarının seçmə və seçilmə hüququnun məhdudlaşdırılması kimi yozula bilməz”.

ADP Ali Məclisinin Rəyasət Heyətinin qərarına əsasən ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırdıqlarını bəyan ediblər.

Qərarı Meydan TV-yə şərh edən partiyanın sədri Sərdar Cəlaloğlu bildirib ki, bu, boykot deyil, sadəcə, indiki situasiyada seçkidə iştirakın heç bir mənası yoxdur və məqsədəmüvafiq də deyil: “Amma üzvlərimizin seçkidə iştirakına heç bir qadağa qoymamışıq, qərarın ikinci bəndində bu məsələyə toxunmuşuq. Ki, Konstitusiya bizə üzvlərimizin fəaliyyətini məhdudlaşdıran qərar qəbul edək. Boykot o zaman olardı ki, üzvlərimizə də seçkidə iştirak qadağası qoyardıq”.

Ana səhifəXəbərlərDemokrat Partiyası seçkilərdə iştirakdan imtina etdi