“Prezident İlham Əliyev bizi qəbul etməsə, benzin töküb özümüzü yandırmaq məcburiyyətində qalacağıq”
Bir qrup dəmiryolçu haqq səsini dövlət başçısına çatdırmaq istəyir.
“Azadlıq» qəzetinə müraciət edən dəmiryolçular “Dəmir Yolları” QSJ-dən etdikləri şikayətlərin cavabsız qaldığından şikayətçidirlər. Onların müraciətində deyilir:
“Biz dəmiryolçular dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbova müraciət etmişik. Biz haqq səsimizi dövlət başçısına çatdırmaq istəyirik. Piket keçirmək üçün münasib yer ayrılmasını ondan xahiş etdik. Abutalıbov isə müraciətimizi baş nazirin müavini Abid Şərifova göndərib. O isə müraciətimizi Dəmiryolu İdarəsinə göndərib. Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradovdan aldığımız cavabda isə bildirilir ki, biz heç kəsin haqqını yeməmişik. İllərdir haqqımızı Elyar Muradovdan və yol rəisinin birinci müavini Süleymanovdan tələb edirik. Mənimsənilmiş əməkhaqqımızı, çörəkpulumuzu, ezamiyyət pulumuzu tələb edirik. Şikayətimizi qəbul etməyən bu dövlət məmurlarının əməllərinə görə aprelin 7-də Prezident Administrasiyasının qarşısında oturaq aksiya keçirəcəyik. Prezident İlham Əliyev bizi qəbul etməsə, benzin töküb özümüzü yandırmaq məcburiyyətində qalacağıq. İllərlə dövlətin hüquq-mühafizə orqanlarına müraciət edərək, Dəmiryolunda korrupsiya, mənimsəmə faktlarını demişik. Dəmiryolçuların təhqir və təhdid olunması faktları var. Haqqımızı tələb etdikdə bizi təhqir edirlər. Biz də səsimizi ölkə başçısına çatdırmaq üçün oturaq aksiya keçirmək qərarına gəlmişik».