Vətəndaş kimi səslərinin eşidilmədiyini deyən dəmiryolçular Məzahir Pənahova teleqram vurublar
Sentyabın 9-da bir qrup narazı dəmiryolçu növbəti dəfə Prezident Administrasiyasının qarşısına toplaşaraq aksiya keçirib. Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, etirazçılar əsasən ezamiyyət pullarının, 13-cü maaşlarının verilməsini tələb edirlər. Haqsızlığa uğradıqlarını deyən dəmiryolçuların sözlərinə görə, müxtəlif qurumlara – Respublika Prokurorluğuna, eləcə də Prezident Administrasiyasına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Meydan TV əməkdaşının sözlərinə görə, hazırda aksiyaçıların 3 nümayəndəsi PA-da qəbuldadır, digərləri onlara nə cavab veriləcəyini gözləyirlər.
Aksiyaçılar onu da bildiriblər ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənəhova teleqram vurublar. Həmin teleqramda bildiriblər ki, ailə üzvləri ilə bir yerdə 187 nəfər seçkilərdə iştirak etməyəcəklər. Buna səbəb haqlarının tapdanması, vətəndaş kimi səslərinin eşidilməməsidir. Onlar sabah saat 11:00-da MSK sədrinin qəbuluna getməyi planlaşdırırlar.