Elsevər Seyfiyevin evi

Mənbə: meydan tv

Başlıq: Elsevər Seyfiyevin evi

Dəmirçi sexinin sakinləri

''Vətənə xidmət etmək üçün aparanda heç soruşan olmayacaq ki, bu uşaqlar hansı şəraitdə böyüyüb''

“2 uşaqla 15 ildir dəmirçi sexində yaşayırıq. Bir baxın, görün burada yaşamaq olarmı? Biz buna yaşamaq yox, sürünmək deyirik. Dövlət binasıdır, əvvəllər dəmirçi sexi olub. Döşəməsi, divarı hamısı betondur”.

Kürdəmir sakini Elsevər Seyfiyev belə deyir. Binanın sovetdənqalma olduğunu söyləyən şikayətçi əlavə edir ki, bura yaşamaq üçün tamamilə əlverişsizdir. İmkanları da yoxdur ki, ya gedib kirayə qalsınlar, ya da ev tikdirsinlər.

“Yoldaşım tək işləyir, çatdıra bilmirik, çətindir”

“İmkanımız yoxdur. Ailə böyükdür, təkcə yoldaşım işləyir. O da müəllimədir. Bir neçə saat dərs deyir. Qazandığı yeməyimizi ancaq ödəyir. Dəfələrlə ünvanlı sosial yardıma müraciət etmişik. Uzun çək-çevirdən sonra gəlib baxdılar, yaşayışımızla, dolanışığımızla tanış oldular. Dedilər, sizə yardım düşür, təyin edilə bilər. Onu da, aylardır gözləyirik”, - Elsevər Seyfiyevin sözləridir.

evin döşəməsi

evin döşəməsi

Mənbə: meydan.tv

“İş yox, sosial gecikir, əldən də heç nə gəlmir”

Elsevər Seyfiyev cuzi əmək haqqı ilə ailə dolandırmağın çətin olduğunu söyləyir. Özü də işsizlikdən əziyyət çəkir. Deyir, dəfələrlə məşğulluq mərkəzinə müraciət edib, ancaq bir nəticəsi olmayıb. Şikayətçi bildirir ki, işsizlik bölgələrdə baş alıb gedir. Tək bir nəfərin problem deyil, kütləvidir.

“İş yox, sosial gecikir, əldən də heç nə gəlmir başqa. Rayonda insanlarda da pul yoxdur ki, gedib kiminsə qapısında-bacasında işləyib, bir-iki manat qazanasan. Pulsuzluqdan hamı öz işini özü görür. Bizim kimi işsizlərin də gəlir yeri qalmır”.

“Daşın-betonun içində 2 uşaq böyütmüşük”

Evin xanımı Kəmalə Seyfiyeva da dolanışıqlarından şikayətçidir. Deyir, nə qədər işləyir, uşaq hazırlaşdırır, ancaq bir yerə çıxa bilmir. İllərdir tək işləmək, ailənin yükünü çiyinlərində daşımaq onu yorub:

Elsevər Seyfiyev

Elsevər Seyfiyev

Mənbə: meydan.tv

“Yoldaşım işsizdir. Tək işləyirəm. Müəllim maaşı da çox deyil, çatdıra bilmirəm. Uşaqların hər ikisi məktəblidir. 15 ildir evlənmişik. Həmin vaxtdan bu zülmdəyik. Bu betonun içində, şəraitsizlikdə yaşayırıq. Bu vəziyyətdə 2 uşaq böyütmüşük. İkisi də gələcəyin əsgəridir. Vətənə xidmət etmək üçün aparanda heç soruşan olmayacaq ki, bu uşaqlar hansı şəraitdə böyüyüb”.

“Ailəmlə birgə 15 ildir dəmirçi sexində yaşayıram”

Elsevər Seyfiyev deyir ki, 2010-cu ildə Kürdəmir rayonunda ev tikintiləri başlayıb. İdarələrdə, şəraitsiz vəziyyətdə yaşayan insanları siyahıya alıb, onları evlə təmin edirmişlər. Onlar da sənədlərini toplayıb, müraciət ediblər. Ancaq ailəyə ev verməyiblər. “Sizin şəraitiniz normaldır”, - deyiblər:

“Heç bir əlacı olmadı. Hələ də buradayıq. Kolxozdanqalma idarədir. Dəmirçi sexi kimi istifadə edilib. İcra Hakimiyyətinə, deputatlara, nə bilim əlimiz yetən hamıya yazmışıq. Sosial yardımla bağlı da müraciət etmişik. Nə bilim, gözləyirik”.

mətbəx

mətbəx

Mənbə: meydan tv

“Şikayəti varsa, qəbula yazılsın, gəlsin”

Kəmalə Seyfiyeva deyir ki, yoldaşı illərdir məşğulluğa müraciət edib, iş axtarır. Ancaq nə bir iş var, nə də axtaran:

“Çağıran, axtaran yoxdur. Evlə bağlı da ora-bura da nə qədər yazdıq, pozduq, hələlik, bir nəticəsi yoxdur, gözləyirik. Bəlkə səsimizi eşidən olar”.

yataq otağı

yataq otağı

Mənbə: Foto: meydan.tv

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən deyiblər ki, işlə bağlı məsələlərə məşğulluq idarəsi baxır. Çox vaxt iş olur, vətəndaşlara təklif edilir, amma onlar bəyənmirlər, gözləməyi seçirlər. Nəticədə uzanır, amma kimsə işsiz qalmır:

“Evlə bağlı məsələyə gəlincə, icra hakimiyyəti kimsəyə ev tikmir. Vətəndaşın dediyi kimi zamanında bəlkə də elə bir şey edilib, ancaq mən bilmirəm, onda burada işləmirdim. Ailənin maddi durumu həqiqətən ağırdırsa, o zaman sosial yardım ayrılar. Yəqin ki, tezliklə cavabı çıxar. Əgər əlavə nə şikayəti, tələbi varsa, buyursun, vətəndaşların qəbul gününə yazılsın, qəbul edib, dinləyək. Əlimizdən gələn köməyi edərik”.

ev

ev

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/10ls7l

Ən çox baxılan