Əkrəm Həsənov: “Dəmirbank”ın sığortalanmış əmanətlərinin bir qisminin qaytarmaqdan imtina edilməsi barədə məlumat var”
Fevralın 1-dən indiyədək “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə əmanətçilərə 27 mln. manatdan artıq kompensasiya ödənilib.
Məlumatı Əmanətlərin Sığortalanması Fondu
yayıb
.
Qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.
“Dəmirbank”ın lisenziyası 2017-ci ilin dekabrında ləğv edilib. İlkin qiymətləndirməyə görə bankda qorunan əmanətlərin həcmi 63,5 milyon manatdır.
Bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov fondun “Dəmirbank”ın sığortalanmış əmanətlərinin bir qismini qaytarmaqdan imtina etməsi barədə məlumat olduğunu deyib. Səbəb isə 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası “Dəmirbank”a sığortalanmış əmanətlərin həcmini artırmağı qadağan etməsi, lakin bank buna məhəl qoymadan həcmi artırmasıdır:
“Əmanətçilər banka gələrək xarici valyutada olan sığortalanmamış əmanətləri üzrə faiz dərəcəsinin 3 faizə endirilməsini tələb ediblər. Bank da tələbi yerinə yetirib. Xatırladıram ki, 2016-cı ilin 1 mart tarixindən qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsində deyilir: “Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır”. Bank hər bir halda əmanəti sığortalamaqdan imtina edə bilməzdi və sadəcə cənab prezidentin təsdiq etdiyi Qanunu icra edib. Əvvəl-axır bank üçün kimin göstərişi daha üstündür: dövlət başçısının imzaladığı Qanunun, yoxsa Palata rəhbərinin (rəhbəri varsa! orada kimin rəhbər olmasının özü müəmmalıdır!) imzaladığı göstərişin?”
Hüquqşünas bildirir ki, fərz edək Palatanın göstərişi qanuni olub (əslində qanunsuz olub!) və bank onu pozub, yenə də əmanətçiyə bunun dəxli yoxdur və bu barədə məlumatı ola bilməzdi (Palatanın belə göstərişləri məxfidir). Göstərişi pozmuş bank inzibatçısı buna görə cavab verməlidir:
“Amma əmanət hər bir halda sığortalıdır və Fond onu kompensasiya etməlidir. Fond bundan imtina etsə, əmanətçilər haqlarını məhkəmədə bərpa edə bilər. Artıq necənci dəfədir ki, Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarmaqdan yayınır. Bilmirəm, bunu savadsızlıqdan edirlər, yoxsa dövlətimizə zərər vurmağı özlərinə vəzifə qoyublar! Yəni həqiqətən də başa düşmürlər ki, bu əməlləri nəticəsində əhali banklardakı əmanətlərini geri çəkə bilər”.
Əkrəm Həsənov bildirir ki, o ki qaldı Palatanın qanunsuz göstərişinə, o da həmin silsilədəndir:
“Bilmirsən, savadları çatmır, yoxsa təxribatçıdırlar”.
Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.
Fond bildirir ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir:
Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır”.